• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

"Rusiya, nəhayət, sağlam başla bu məsələyə yanaşdı" - GƏLİŞMƏ

  • 14.10.2020, 15:38,
  • Dünya
  • Baxılıb: 51
"Rusiya, nəhayət, sağlam başla bu məsələyə yanaşdı" - GƏLİŞMƏ


İşğalçı Ermənistan Rusiyanın vasitəliyinə zərbə vuraraq Moskvada əldə olunmuş humanitar atəşkəsi faşist davranışları ilə pozdu. Bundan sonra isə işğalçı ölkənin xarici işlər naziri yenicə qayıtdığı Rusiya paytaxtına səfər etdi və həmkarı Sergey Lavrovla bir araya gəldi. Hələlik bu danışıqların alt qatında nələrin olması geniş ictimaiyyətə bəlli deyil. Amma Rusiya XİN başçısı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşün ardınca diqqətçəkən bir mövqe ifadə etdi. Sitat: “Biz (üçtərəfli məsləhətləşmədən sonra) necə irəliləyəcəyimiz barəsində fikir mübadiləsi apardıq. Bu, o demək deyil ki, bütün məsələlər birdən və tezliklə həllini tapacaq. Başa düşürük ki, müəyyən proses olacaq. Lakin siyasi danışıqlar prosesinin bərpa edilməsinin ləngiməsini düzgün hesab eləmirik”.

Maraqlıdır, Lavrov bununla nə demək istəyir? Axı Azərbaycan rəhbərliyi danışıqların imitasiya xarakterli olduğunu bəyanlayıb və erməni qoşunlarının konkret qrafik əsasında Qarabağdan çıxarılmasını tələb edib. Belə olan halda Rusiya Bakının israrlı mövqeyini nəzərə alırmı, yoxsa yenə də öz maraqları naminə status-kvonun qalmasında maraqlıdır? Bu məsələlərin şərhi zamanı Prezident Əliyevin Rusiya telekanalına müsahibəsində nümayiş etdirdiyi prinsipial mövqeyi də diqqətə almaq lazımdır. Dövlətimizin başçısı ümummilli maraqlardan bir addım belə geri çəkilməyəcəyini nümayiş etdirməklə yanaşı, Rusiyaya faktiki olaraq Qarabağ məsələsinin həlli üçün yol xəritəsi təqdim edib. Bütün bu məsələlərlə bağlı politoloq Tofiq Abbasov “Yeni Müsavat”ın suallarını cavablandırdı.

- Tofiq bəy, bu gün hər birimizin diqqəti Qarabağ cəbhəsində tarix yazan ordumuza yönəlib, hamımız xoş xəbərlərin intizarındayıq. Eyni zamanda işğalçı ölkənin xarici işlər nazirinin Rusiya səfəri də diqqətdən kənarda qalmır. Sizcə, Lavrov Mnatsakanyana nə dedi?

- Mən elə başa düşürəm ki, Mnatsakanyanın Moskva səfəri çox uğursuz oldu. Rusiya tərəfi ona açıq şəkildə bildirib ki, artıq onlar gərək qərara gəlsinlər. Neçə illər idi biz gözləyirdik ki, ermənilər hansı qərara gələcəklər, bunların tələbi nədir? Gah deyirdilər 5 rayonu qaytarırıq, gah bunu, gah onu etmirik. Beləcə müxtəlif bəhanələrlə, sadəcə, siyasi prosesi, nizamlama prosesini pozurdular, sındırırdılar, parçalayırdılar ki, status-kvo dəyişilməsin. Bildiyimiz kimi, artıq status-kvo dəyişib. İndi gərək bunlar qərara gəlsinlər. Çünki Azərbaycan sözünü deyib, bu, bir. İkincisi, indiki halda status-kvonun dəyişilməsi həm də ondan xəbər verir ki, güclü bənd artıq Azərbaycandır. İndiyədək bunlar güclü bənd sayıla bilirdilər, ona görə ki, bizim torpaqlarımızı işğalda saxlayırdılar və qaytarmırdılar. Həmçinin şərt qoyan tərəf kimi çıxış edirdilər. İndi isə situasiya kardinal şəkildə dəyişildi, artıq üstünlük, təşəbbüs bizdədir. Biz deyirik ki, biz hazırıq, deyin görək nə deyirsiniz? Mən elə başa düşürəm ki, indi Mnatsakanyana Moskvada deyilib ki, gedin başınıza çarə qılın! Yəni bir söz, ideya, təklif deyin və biz bu prosesi ölü nöqtədən çıxaraq. İndi müharibə meydanında proseslər gedir, ordumuz yavaş-yavaş irəliləyir, biz kəndbəkənd irəli gedirik. Bu, onlar üçün artıq bir mesajdır, xatırlatmadır, həyəcan siqnalıdır. Ona görə gərək onlar sözlərini desinlər. Mən erməni mətbuatında yazılanlardan görürəm ki, Moskvada onların kefinə soğan doğranılıb. Təsadüfi deyil ki, Rusiyada üçüncü, dördüncü dərəcəli ekspertləri tapıb dilləndirirlər, guya Dağlıq Qarabağ bölgəsi BMT tərəfindən mandat altına alına bilər, guya bu ərazi ilə bağlı mandat verilə bilər ki, başqa dövlətlər burada sabitliyi və əmin-amanlığı qorusunlar. Bunlar hamısı cəfəngiyyat münasibətlərdir və reallıqla heç bir rabitəsi olmayan yanaşmalardır. Əminəm ki, biz artıq tilsimi qırdıq və Ermənistan həm hərbi, həm də siyasi-diplomatik baxımdan geriləməkdə davam edir.

- Ermənistan XİN rəhbəri Minsk Qrupunun həmsədrləri ilə də bir araya gəlib. Necə bilirsiniz, vasitəçilər də Rusiyanın mövqeyini eyni şəkildə ifadə ediblərmi dar çərçivədə?

- Təbii. Biz bunu açıq-aşkar sezirik ki, Rusiya əsas moderator kimi yenə də təşəbbüsü öz əlinə aldı. Əvvəlcə Ceyhun Bayramov Cenevrəyə getdi, daha sonra Moskvaya gəldi, Ermənistan XİN rəhbəri də Rusiya paytaxtına gəldi. İndi Ceyhun Bayramovun təkrar Moskvaya getməməsi, Mnatsakanyanın Rusiyaya getməsi onu göstərir ki, bunlar ona sözlərini deyiblər. Mən Rusiyanın davranışlarında da dəyişiklikləri görürəm. Azərbaycanı çox kobud şəkildə aşağılayanlar, bizi ittiham edənlər yavaş-yavaş tonlarını dəyişdilər və bu, qaçılmaz idi. Biz həm təmkin göstərdik, həm hazırlığımızın yüksək səviyyədə olmasını nümayiş etdirdik. Qoy indi özləri bir qərara gəlsinlər.

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK kanalına müsahibəsində “Əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər” demişdi. Sizcə, Prezident bu inamını ifadə edərkən hansı amillərə istinad edir? Moskva buna gedəcəkmi, yoxsa silahlandırdığı işğalçını qorumaqda davam edəcək?

- Burada bir məsələ var. Gəlin biz yaddan çıxartmayaq ki, artıq dillər əzbəri olmuş bir ifadə var: Kremlin bir yox, bir neçə qülləsi var. Bu, həqiqətən də belədir. Biz Putinin Azərbaycana olan dəstəyinin ifadəsini gördük. Dedi ki, Qarabağ bölgəsi Azərbaycanın torpağıdır, orada əməliyyat aparır və KTMT məsələyə qarışa bilməz, bizim buna aidiyyətimız yoxdur. Bu, açıq-aşkar bir siqnal idi ki, ay Ermənistan, get, otur, fikirləş! Bəli, Rusiyanın bir dövlət kimi Ermənistanda marağı var. Amma bu maraq təkcə Kreml tərəfindən idarə olunmur. Burada başqa qüvvələr də var. Məsələn, Zatulin, görürsünüz, Dövlət Dumasında da atmosferi zəhərləyir, Azərbaycana qarşı təbliğat aparır. Həmçinin Yeliseyevdir, elə Salovyov özü, axmağın biri, alçaq... Bunlar hamısı Ermənistana dəstək verməklə, birincisi, muzdlu olduqlarını göstərirlər. Çünki erməni diasporundan, erməni təşkilatlarından dolanırlar. Digər tərəfdən də bu prosesləri pozmağa çalışırlar ki, rəsmi İrəvan geriyə çəkilməsin. Amma bu, olan iş deyil, çünki İrəvanın yolu qalmır. Odur ki, Prezident Əliyevin dediklərində böyük həqiqət var. Rusiya ancaq onlara şapalaq vurmaqla onları normal bir hala gətirəcək və bununla da məsələnin həllini tapacaq.

- Elə isə ağsaqqal statusunda çıxış edib humanitar atəşkəs anlaşmasının əldə olunmasına nail olan Rusiya nədən onu pis vəziyyətdə qoyan, Gəncə terroru ilə Moskvanın təşəbbüslərinə zərbə vuran Ermənistanı cəzalandırmaq əvəzinə, niyə “humanitar yardım” adı altında işğalçı ölkəyə silah-sursat yollayır?

- Bu, Rusiya dövlətinin göndərdiyi silahlar deyil. Baxın, Polşadan, Skandinaviya ölkələrindən silah gəlir. Silah çox mürəkkəb məsələdir. Yəni burada dövlətlər öz yerində, amma silah bazarında çoxsaylı özəl şirkətlər var ki, onlar qaçaqmalçılıqla silahları burdan-ora, ordan-bura daşıyırlar. İndi əs məqamdır. Həmin o qüvvələr böyük qazanc əldə edirlər. Dövlətlər istəsələr də, onun qarşısını ala bilməzlər. Çünki müxtəlif hiylələrlə, qara bazar sxemləri ilə bunu həyata keçirirlər. Silah-sursat da ona görə gəlir ki, artıq biz Azərbaycan olaraq Dağlıq Qarabağ bölgəsində ermənilərin 80 faizə qədər texniki potensialını məhv etmişik. Ona görə bunlar indi tələm-tələsik o boşluqları doldururlar. Bunlar o boşluqları doldurduqca, vasitəçi şirkətlər də qazanırlar. Məsələ budur. Bu, Rusiya dövlətinin verdiyi silahlar deyil. Rusiya dövləti versəydi, adıçəkilən marşrutlarla, Orta Asiyadan, İrandan bunu edə bilərdilər. Amma indi biz onu görmürük. İndi bu prosesə qatılanlar həmin mafioz qruplar, “qara bazar”ı idarə edən qüvvələrdir.

- Tofiq bəy, dediyiniz kimi, prezident Putin əməliyyatların Azərbaycanın sərhədləri daxilində həyata keçirildiyini demişdi. Lavrovun Ermənistana nə qədər yaxın olduğunu hər kəs bilir. Rusiya XİN rəhbəri bu proseslərdə özfəaliyyətlə məşğul ola, dövlətin rəhbərindən fərqli siyasət yürüdə bilərmi? Hər halda, erməni həmkarı ilə görüşdə çox pozitiv görünürdü...

- Yox. Vaxtilə belə hal var idi. Lavrovun özfəaliyyəti var idi. Hətta biz təkcə Lavrovun yox, Mariya Zaxarovanın da davranışında bunu görürdük, bəyanatlar verərkən dilindən eşidirdik. Amma indi o məqam deyil. O mərhələ bitdi. Birincisi, Lavrov özü gethagetdədir. İstəməz ki, gethagetdə özünə problem yaratsın. Lavrovun günlərinə artıq az qalıb. Özü də çox təkidlə getmək istəyir. Deyir ki, xəstəyəm və onun məsələsi həll olunacaq. Onunla bir yerdə Zaxarova da gedəcək. Məhz bunlar final mərhələsində olduğuna görə artıq Lavrov burada risk eləyə bilməz, bu, bir. İkincisi də bu, Rusiya dövlətinin siyasətidir. Lavrov da o dövlətin nümayəndəsidir, XİN-in başçısıdır. Ona görə də mən bunu istisna edirəm, qətiyyən ola bilməz.

- Deməli, cəbhə boyunca antiterror əməliyyatının, Vətən müharibəsinin davam edəcəyinə, Rusiyanın açıq şəkildə müdaxilə etməyəcəyinə əminsiniz, eləmi?

- Mənim burada əminliyim bir şeyədir ki, Rusiya Azərbaycanı itirmək istəmir. Bizim də Rusiyaya təsir göstərmək üçün vasitələrimiz var. Ermənistan bir belə Rusiyadan yararlanıb, onun himayəsi altında olub, onun havadarlığından sui-istifadə edib. Baxın, Ermənistan Rusiya kanallarının yayımını dayandırdı, rus məktəblərinin hamısının fəaliyyətini qapatdı. Amma Azərbaycan bunu etmir, hansı ki, edə bilər. Azərbaycanın da təsir vasitələri var. Bundan əlavə, Rusiyanın Azərbaycanda böyük maraqları var, biz tranzit ölkəyik. Onlar İrandan ta Hind okeanına qədər marşrutu cızırlar. İndi hazırlaşırlar ki, Şimal-Cənub dəhlizindən istifadə etsinlər. Ona görə də bizim təsir vasitələrimiz var və biz Rusiya üçün daha önəmli, daha vacib tərəfdaşıq, həm qonşu, həm də subyekt olaraq. Ermənistan isə Rusiya üçün artıq apendiks subyektidir. Oradan istədiyini götürüb, istəyir dəmir yolları, istəyir dövlət korporasiyaları, şirkətləri və s. hamısı. Sadəcə, indi Rusiya bu riskə gedə bilməz. Çünki Rusiyanın MDB məkanında problemləri artıb. Görürsünüz, Belarus o vəziyyətdə, Qırğızıstan belə, Ukrayna elə, Gürcüstanla münasibətlər yoxdur, ayın 31-də Gürcüstanda seçkilər olacaq. İndi də Rusiya Azərbaycanla bağlı riskə gedə bilməz. Çünki Azərbaycan həqiqətən də Rusiya üçün çox vacib, lazım olan məmləkətdir. Bizsə gizlətmirik ki, bizim də onlardan gözləntilərimiz var. Çünki qonşuluq siyasəti ikitərəfli siyasəti genişləndirmək, ondan mənfəət almaq ideyasını nəzərdə tutur. Yaxşı şeydən kim inciyər? Belə bir deyim var: xeyirdən xeyir güdməzlər. Bu baxımdan mən əminəm ki, Rusiya, nəhayət, sağlam başla bu məsələyə yanaşdı. Gördü ki, Azərbaycan Ermənistanı hədələmir, əksinə, xəbərdar edirdi. O xəbərdarlıqdan onlar özləri üçün nəticə çıxartmadılar, ona görə də başlarına bu oyun gəldi.

- Azərbaycan əleyhinə var gücü ilə təbliğat aparan rusiyalı aparıcı Solovyov “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq” deyərək təhdid etmişdi. Amma Türkiyənin müdafiə naziri Hulusi Akar Şoyqunun 2016-cı ildəki kimi, Bakıya zəng etməsinə imkan vermədi və özü rus həmkarına zəng edib Azərbaycanın yanında olduğunu açıq mətnlə bəyanladı. Bu arada Rusiya Müdafiə Nazirliyi atəşkəs prosesində iştirak etdiyini bəyan edib. Sizcə, bundan sonra Şoyqu yenidən hərəkətə keçə bilərmi?

- Xeyr. Daha bu həna o hənadan deyil. Çünki Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Biz vaxtilə həqiqətlərimizi deyirdik, eşitmirdilər. Ancaq gücümüzü göstərəndən sonra həqiqətimizi də eşitməyə başlayıblar. Bütün tərəflər - istəyir Makron olsun, istəyir Moskvanın rəhbərliyi olsun. Türkiyənin bizim üçün ən böyük xidməti bundan ibarətdir ki, mənən bizim yanımızdadır, ordumuz yaxşı hazırlanıb, vəssalam..!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 45
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 45
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 52
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 085
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 781
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter