Rusiya-Ukrayna müharibəsinin uzanması bütövlükdə planetin, ayrı-ayrı regionların və dövlətlərin geosiyasi maraqlarının, hərbi-geostrateji və təhlükəsizlik sisteminə ciddi təsir göstərməkdədir. Müharibənin uzanması təkcə maraqlı tərəfləri, yaxın bölgələri deyil, hətta müharibə ərazisindən çox uzaq bölgələrə belə, öz mənfi təsirini göstərəcək. Müharibədən ən çox itki ilə çıxacaq Rusiya və Ukrayna olacaq. Ona görə də hamı müharibənin daha tez bitməsini istəyir. Artıq müharibənin tez bir zamanda bitməsi, qeyri-real görünür. Artıq Qərb liderləri də müharibənin uzanacağı mesajını verməkdədirlər. Ən sonuncu ABŞ prezidenti Co Baydenin Polşaya səfəri zaman verdiyi "Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə və ya bir aya qalib gələ bilməyəcəyik" ifadəsi bunu deməyə əsas verir. Baydenin "Rusiya heç vaxt Ukraynanı məğlub edə bilməyəcək və qələbəsi mümkün olmayacaq" söylədiyi bu ifadə onu deməyə əsas verir ki, ABŞ və Böyük Britaniyanın hədəfi müharibəyə girən Rusiyanın qol-qanadını qırmadan bataqlıqdan çıxmamasına nail olmaqdır. ABŞ hesab edir ki, Rusiya hazırda onların planlaşdırdığı kimi bataqlığın içərisindədir və ona görə də bu plana uyğun olaraq müharibənin uzadılmasını istəyir. Düzdür, müharibənin uzanmasına Avropa ilə ABŞ arasında ciddi fikir ayrılığı mövcuddur. Baxmayaraq ki, nəzərdə tutulan planın reallaşması Avropanın xeyrinə olsa da, müharibənin uzanmasından ən çox əziyyət çəkən tərəflərdən biri Avropa olacaq. O baxımdan da müharibənin uzanmasını istəmir.
Müharibənin birbaşa iştirakçısı olan Rusiya və Ukrayna da müharibənin tez bir zamanda bitməsində maraqlı olsa da, artıq hər iki tərəfin geri çəkilmə yolu yoxdur. Hər hansı tərəfin geri çəkilməsi, məğlubiyyət deməkdir. Tərəflərin geri çəkilməyə yolu olmaması ABŞ və İngiltərənin Rusiya üçün planlarını reallaşdırmaq üçün geniş imkanlar açır. Sanksiyalar fonunda müharibənin hər günü Rusiya üçün milyardlara başa gəlir.
Digər tərəfdən ABŞ müharibənin uzanmasından istifadə etməklə NATO-nun şərq cinahında mövqelərini möhkəmləndirməyə çalışır və Rusiyaya qarşı hərbi-psixoloji təzyiqlərini davam etdirir. Martın 14-dən etibarən Alyansın şimal-şərq cinahında "Soyuq cavab" adı altında Norveçdə son 30 ildə ən genişmiqyaslı hərbi təlimlər keçirməsi bunu göstəricisidir. Bununla paralel olaraq şərq cinahında Polşa və Baltik ölkələrində hərbi iştirakını artırıb yeni hərbi texnika və avadanlıqla təmin etməkdədir. Əlavə olaraq Ukraynanın Alyansa üzv olmasına nail ola bilməsə də, ən azından Finlandiya və İsveçin NATO-nun iyun ayında İspaniyada keçiriləcək sammitində üzvlüyünü hüquqiləşdirmək istəyir.
İkinci əsas məqam Rusiyaya qarşı sanksiyaları davam etdirməklə ilkin mərhələ kimi Ukraynanı hansısa formada Avropa İttifaqına üzvlüyünə nail olmaqdır. İstanbulda keçirilən sonuncu Rusiya-Ukrayna dialoqunun yekunu olaraq Putinin şəxsi nümayəndəsi Medinski Kiyevin bu quruma üzv olmasına qarşı çıxmadığını açıqlayıb. ABŞ prezidenti Bayden də bəyan edib ki, Rusiya Ukraynadan geri çəkilmək istiqamətində konkret addımlar atmayınca onun dediklərinə inanmaq olmaz. Kremlin bu mövqeyi o qədər inandırıcı görünməsə də, Moskvanın mövqeyində yumşalma və əvvəlki mövqeyindən geri çəkilmə kimi qiymətləndirmək olar. ABŞ Rusiyaya qarşı hərbi təzyiq siyasətini davam etdirmək üçün maddi-texniki dəstəyini artıracaq. Ağ Ev eyni zamanda müttəfiqləri ilə davamlı işləyərək, hər vasitə ilə onların bu mövqedən geri çəkilməsinin qarşısını alacaq.
Düzdür, Ağ Ev Rusiyanın tam məğlub olmayacağının da fərqindədir. Amma bacardıqca Rusiyanın hərbi, iqtisadi cəhətdən hərtərəfli çöküşünə nail olmaq istəyir. Bu yolla ABŞ həm NATO-nun şərqə doğru irələməsinə, həm də "Böyük Orta Şərq" konsepsiyasını həyata keçirməyi planlayır. Yəni ABŞ və İngiltərənin Rusiyaya qarşı planlarının arxasında Çin və İran maraqları da dayanır. Həmin planın tərkib hissəsinə əsasən Ağ Ev Moskvanın qolunu qırıb zərərsizləşdirməklə Pekin və Tehrana ediləcək təzyiqlərdən kənarda saxlamaqdır.