[b]
Biləsuvarda Ümummilli lideri Heydər Əliyevin xatirəsi anıldı12 dekabr 2019-cu ildə Biləsuvar rayonundakı Heydər Əliyev Parkında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının on altıncı ildönümü qeyd olundu.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak etdi.
Ulu Öndərə olan məhəbbətlərini ifadə edən Biləsuvarlılar Dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət etdilər.
Ümummilli liderin anım günü tədbirləri çərçivəsində rayon ictimaiyyətinin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə ehsan süfrələri təşkil olundu, Ulu Öndərin ruhuna dualar oxundu.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Ulu Öndərin həyat və fəaliyyəti haqqında danışaraq bildirdi ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.60-cı illərin sonlarında keçmiş SSRİ-nin əyalətlərindən biri olan Azərbaycanın iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında narahatlıq doğuran tənəzzül proseslərinin açıq müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxartdı.Saysız-hesabsız sənaye müəssisələri salındı, yüzlərlə zavod, fabrik, istehsal sahələri yardıldı.
Bu böyük şəxsiyyət Azərbaycanın həmin dövrü və uzaq gələcəyi, daha doğrusu müstəqillik dövrü üçün zəruri vəzifələri peşəkarlıqla, ustalıqla yerinə yetirir və inkişaf etdirirdi. Xalqımızın sədaqətli oğlu Azərbaycan müstəqillik savaşına qalxdığı günlərdə səsini onun haqq səsinə qataraq azərbaycanlılara və Azərbaycanda qanlı cinayət törədənlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 Yanvar qırığınından hiddətlənərək bu qanlı hadisəni törədən imperiyanın paytaxtından on minlərlə həmvətənimizin ön sırasında duran Heydər Əliyev əzmkarlığı, qanlı Bakı faciəsinin günahkarlarını lənətləyən gur səsi xalqımızın azadlıq mücadiləsində daha möhkəm birləşəməsinə güclü təkan verdi.
1993-cü ilin may-iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun, xaosun kulminasiya nöqtəsinə çatması və ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda, xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı.Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.
Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.Bu görkəmli dövlət xadimi tarixi irsə əsaslanaraq milli dəyərlər zəminində müasir dövlətçilik sistemimizin siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. O Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsədə ikinci dövrdə yalnız və yalnız ölkəmizin inkişafı, qüdrətli və güclü bir dövlətin yaradılması, xalqımızın firavan yaşaması amalı ilə yaşadı və biliyi və rəhbərlik istedadı sahəsində olan bacarıqları əsasında bu istəklərini həyata keçirdi. Heydər Əliyev Azərbaycan xalqına təkcə suveren dövlət, möhkəmləndirilmiş müstəqillik, tərəqqi, azadlıq yox, bunlara bərabər həm də gələcəyə inam və gələcək inkişaf üçün hazır proqramı əmanət qoyub getdi. O, dövlətçilik idieologiyasını işləyib hazırladı, onu həyata keçirdi, dövlətin özünü qurdu. Azərbaycanda unitar dövlətçilik ənənələri yaratdı. Azərbaycan dövlətinin bütövlüyünü qoruyub saxlamağın vacibliyi fikrini gələcək nəsillərə təlqin etdi.
M.Quliyev qeyd etdi ki, bu gün Azərbaycan xalqı bu siyasi kursun davam etdirilməsinin tarixi zərurət olduğuna qəti şəkildə əmindir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli lider Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi işləri çox böyük müdrikliklə, qətiyyətlə həyata keçirməkdədir. Cənab Prezident İlham Əliyev məhz bu həqiqətləri qətiyyətlə təsdiq edərək deyir: “Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini gücləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”.Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyev cismən aramızda olmasa da, onun ölməz ideyalarından güc alan müstəqil Azərbaycan işıqlı gələcəyə doğru inamla addımlayır.
Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı ilə, onun iradəsi, istedadı, əzmi, vətən sevgisi, yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqı özünün əbədiyaşar Prezidenti, ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini daim uca tutacaq, böyük Heydər Əliyev yolu ilə gedərək, bu yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, bu ideyaların gerçəkləşdirilməsində qüvvə və səylərini əsirgəməyəcəklər.
Mərasimdə çıxış edənlər Ulu Öndərin istər sovetlər ittifqı zamanı, istərsə də müstəqil respublikamıza rəhbərliyi dövrlərində həyata keçirdiyi islahatlardan,dövlət quruculuğu sahəsində gördüyü işlərdən, ölkənin sosial inkişafına yönəlmiş layihələrdən danışdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.Hər il olduğu kimi Biləsuvar rayonunun fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və Biləsuvar rayonunun 2019-cu il İş planına uyğun həyata keçirmişdir.
Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Biləsuvar rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmiri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi davam etdirilib. Rayon mərkəzində ərazisi 1.7 hektar olan Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli liderin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati binalar inşa olunub.
Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyevin regionlarin inkişafına göstərdiyi diqqət və qayğı onun rayonlara səfərlərində və bu səfərlərdən sonra imzaladığı sərəncamlarda öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu sosial–iqtisadi kursa uyğun olaraq bu gün Biləsuvar rayonunda ardıcıl surətdə tikinti, abadlıq və yenidənqurma işləri davam etdirilir.
Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay Biləsuvar rayonunun ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Biləsuvar rayon sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.
Biləsuvar rayon sakinləri də öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.
Biləsuvar rayon sakinləri 2019-cu ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2020-ci ildə daha yaxşı işləmək üçün Biləsuvar rayonunun adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.
Biləsuvar rayonu gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyevin əzmlə işləməsi üçün yaxından köməklik göstərməyinizi xahiş edirik!
Mahir Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Biləsuvar rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Biləsuvar rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.