• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“ƏSRİN MÜQAVİLƏSİ” – AZƏRBAYCANİN STRATEJİ İNKİŞAF KONSEPSİYASİNİN TƏMƏLİ

“ƏSRİN MÜQAVİLƏSİ” – AZƏRBAYCANİN STRATEJİ İNKİŞAF KONSEPSİYASİNİN TƏMƏLİ



Ulu öndər Heydər Əliyevin 29 il öncə dünyanın inkişaf etmiş dövlətləri ilə imzaladığı bu müqavilə ilə ölkəmizin davamlı və sürətli inkişaf tendensiyasının əsası qoyuldu.

Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün özəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər Əliyev

Sentyabrın 20-si “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 29-cu ildönümü günüdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin müqaviləsi” adını qazanmış bu saziş respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub və Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsinə çevrilib. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib.
Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rifahı naminə istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətli və inkişaf etmiş Azərbaycanın formalaşması üçün istismarı, bu məqsədlə xarici investisiyaların cəlb olunması üçün cəsarətli siyasi addımlar atılıb.
Elə ilk günlərdən o vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev danışıqlar prosesinə cəlb edilib, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı olub. Bu saysız-hesabsız görüş və danışıqlarda, ilk növbədə, Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürülürdü. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafelərinə uyğun hazırlandı.
Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış razılaşma öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edir. Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinası uğurla həyata keçirilməyə başladı.
“Əsrin müqaviləsi”nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı.
“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları məbləğində investisiyanın 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinə yönəldilib.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bağlanmış bu müqavilə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasında yeni dövrün əsasını qoydu. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başladı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi.
Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.
Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.
Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəmərlərinin fəaliyyət göstərməsi ilə Azərbaycan, Gürcüstan, Türkiyə ilə Mərkəzi Asiya regionu arasında idxal-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.
Milli neft strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır.
Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada öndə gedən ölkələrdən biridir. Ölkəmiz əhəmiyyətli regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Dünya iqtisadi sisteminə inteqrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində ən yaxşı təcrübələrin tətbiqinə yol açıb.
Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fondunun təsis olunması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü idarə edilməsi üçün əsaslı təminat yaradıldı. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 53 milyard ABŞ dollarını keçib. Bu vəsait ildən-ilə artmaqdadır.
Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən, regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir.
Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranıb. Bununla əlaqədar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir.
Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, eyni zamanda, insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.
Artan neft gəlirləri hesabına, ilk növbədə, sosial siyasət sayəsində, o cümlədən, aztəminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də saysız tədbirlər həyata keçirilir.
Bu məqsədlə dövlətimizin başçısı tərəfindən bir neçə Sərəncam və Dövlət Proqramı qəbul edilib və bu qərarlara uyğun olaraq qaçqın və məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif ərazilərində yaşayış qəsəbələri tikilib, 2007-ci ilin sonunda isə Sabirabad rayonunda yerləşən son Qalaqayın çadır düşərgəsi ləğv edilmiş və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürülüb.
Ölkənin artan maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır.
Bu layihələrdən biri olan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına, Azərbaycan, Gürcüstan və Türkiyə arasında siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Bakı-Tbilisi-Qars yeni dəmir yolu regional əhəmiyyətə malik olmaqla bərabər, Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizinə çevrilmişdir.
Bu gün neft gəlirlərinin bir hissəsi su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir. Bu sırada Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir.
Neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb. Bu proqramın, ilk növbədə, neft gəlirləri hesabına maliyyələşdirilməsi “qara qızılın insan kapitalına çevrilməsi” ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.
“Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.
Əminliklə demək olar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra daha sürətlə inkişaf edəcək, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlətə çevriləcəkdir!

Natiq CAVADOV
Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru,
iqtisad üzrə elmləri doktoru, professor
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 030
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 719
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter