Ermənistan Qarabağda əsir və girov düşən şəxslərin geri qaytarılması prosesində "hamının hamıya" prinsipinin tətbiq edilməsinə razılıq verib.
"Qafqazinfo" xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşündə deyib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, o əsirlərin geri qaytarılması üçün yeni mexanizmlər yaratmağı təklif edib.
"Əsirlərin heç bir şərt irəli sürülmədən dərhal qaytarılması üzrə bir mexanizm yaradılması təklif olunur",-deyə Avinyan qeyd edib.
Müharibədə ağır məğlubiyyətə uğrayan ölkənin rəsmisi atəşkəsin yaradılmasında vasitəçi kimi çıxış edən Rusiya tərəfinə təşəkkür edib.
Baş nazirin müavini deyib ki, əsirlərin geri qaytarılması, itkin düşənlərin və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələlər Ermənistan hökumətinin gündəmindədir və prosesi sürətləndirmək üçün hər şey edilir.
Xatırladaq ki, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin imzaladığı üçtərəfli bəyanatın 8-ci bəndi də bu müddəanı əhatə edirdi: "Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir".
Qeyd edək ki, indiyə kimi döyüş bölgəsindən yüzlərlə Ermənistan əsgərinin cəsədi (təkcə Şuşa yaxınlığındakı ərazidən 150 erməni əsgər) çıxarılaraq qarşı tərəfə təhvil verilib.