Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Globalinfo.az-a açıqlama verib.
O deyib ki, məhkəmədə ortaya kifayət qədər dəlil qoysalar da, İ.Süleymanovu yenə də azad etməyiblər:
“Ümumiyyətlə, cinayət hadisələrində sübut etmə vəzifəsi istintaq tərəfinin üzərinə düşür. Yəni istintaq orqanı kimisə cinayət əməli törətməkdə ittiham edirsə, sübutları da ortaya o qoymalıdır. Təqsirləndirilən şəxs isə günahsız olduğunu sübut etməyə borclu deyil. Amma cinayət işi üzrə istintaq orqanı İlkin Süleymanovun cinayət hadisəsi ilə hər hansı əlaqəsinin olduğuna dair bir dənə də olsun ortaya mötəbər sübut qoya bilmədi.
Baxmayaraq ki, sübut etmə yükü bizim üzərimizə düşmür, biz yenə də məhkəməyə kifayət qədər faktlar və sübutlar təqdim etmişik. Bu da onu deməyə əsas verir ki, cinayət hadisəsinin İlkin Süleymanovla heç bir əlaqəsi yoxdur”.
Vəkilin sözlərinə görə, irəli sürülən ittiham o qədər əsassız, saxta və sübutsuzdur ki, bunun əsassız, qanunsuz olduğunu müəyyən etmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur:
“Ona görə də ölkə ictimaiyyəti çox rahat şəkildə məsələni müzakirəyə çıxarıb. Məsələnin ictimai müzakirəyə çıxarılmasında xüsusilə jurnalistlərin xidməti böyük oldu. Onların sayəsində cəmiyyət artıq İlkinin günahsız olduğuna əmindir. Amma baxmayaraq ki, saysız-hesabsız sübutlar gətirmişik, yenə də adam həbs olundu”.
Ə.Rzayev deyib ki, istintaq İlkinin günahsız olduğunu çox gözəl bilir:
“2 il davam edən məhkəmə prosesində məhkəməyə də aydın şəkildə bəlli oldu ki, doğrudan da İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Biz onların münasibətlərindən də sezirdik ki, İlkin Süleymanovun cinayətlə əlaqəsi olmadığına əmindirlər. Amma təəssüflər olsun ki, bilə-bilə ittihamedici hökm çıxardılar. Bu qədər açıq saxtakarlığın, təqsirsiz olduğu materialların ortada olduğu halda yenə də ittiham hökmü çıxarılması məhkəmənin iradəsinə uyğun olmadığını göstərir.
Apelyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Ümid edirik ki, bu dəfə məsələyə obyektiv yanaşaraq, ədalətli hökm çıxaracaqlar”.