“Biz başa düşməliyik ki, demarkasiya prosesinə alternativimiz var, ya yox. Mən görmürəm":
Moderator.az xəbər verir ki, bunu “ Haykakan Jamanak ” a müsahibəsində Ermənistanın Tavuş(Tovuzqala) vilayətində, yəni Azərbaycan Respublikası Qazax rayonunun işğal altındakı 4 kəndi yaxınlığındakı kəndlərdə baş verən hadisələrə istinadla politoloq Davit Stepanyan deyib.
“Alternativ müharibədir, təəssüf ki, biz buna hazır deyilik. Yəni biz hazır olsaydıq, sərhədin müəyyənləşdirilməsinin Azərbaycanın tələb etdiyi kimi Tavuşdan deyil, məsələn, Qara göl ərazisindən başlamasını mütləq tələb edə bilərdik. Təəssüf ki, bizdə o resurs yoxdur, bu o deməkdir ki, bu prosesin alternativi yoxdur, yoxdur və oraya toplaşan insanlar dövlətlərarası yolu bağlayıblar”, -deyə erməni siyasi şərhçi bildirib.
Politoloq qeyd edir ki, bu aqressiv hissləri Tavuşdakı erməni sakinlərə aşılayan və yayan şəxslərin Rusiya ilə açıq-aşkar bağlılığı var. Onlar məşhur “5-ci kolon”un nümayəndələridir və erməni kilsəsində də fəaliyyət göstərirlər.
“Mən Tavuşluları çox yaxşı başa düşürəm, onlar hesab edirlər ki, öz haqları uğrunda mübarizəyə çıxıblar. Amma bu mübarizəni kimin qızışdırdığını, arxasında kimin dayandığını görəndə başa düşürəm ki, bunlar Rusiyanın təsir agentləridir və təhlükə buradadır. Bəs niyə Rusiya Federasiyası burada öz əlləri ilə işləyir? Çünki Rusiya üçün Ermənistan və Azərbaycanın sərhədlərinin demarkasiyası o deməkdir ki; Rusiya Federasiyasının burada, sərhəddə heç bir işi qalmayacaq. Ruslar da çox gözəl başa düşürlər ki, bütün sərhəd demarkasiya və delimitasiya olunandan sonra onların Ermənistanda heç bir işi olmayacaq”, - deyə Stepanyan izah edib.
Onun fikrincə, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olması Rusiyanın bölgəyə təsirinin ölməsidir.
“ “5-ci kalon” agentləri və Rusiya təsirinin agentləri bunu çox yaxşı başa düşürlər və başa düşdüyüm kimi, Moskvadan sifariş alıblar və bütün təxribatları Tavuşda etməyə çalışırlar, çünki İrəvanda heç nəyin alınmadığını görüblər. Ağrıyan yerdə hərəkət edirlər, indi Tavuşda ağrı var. Bu, bizim üçün çox ağrılı prosesdir, asan deyil, demirəm ki, bu demarkasiya bizim arzularımızın sərhəddidir, amma nədənsə başlamalıyıq”- Stepanyan belə deyib.
Erməni politoloqun fikrincə, Tavuşda təxribat törədən insanların məqsədi Tavuşu üsyan mərkəzinə, Ermənistan-Azərbaycan münasibətlərinin növbəti kəskinləşməsi nöqtəsinə çevirməkdir.
“Qarabağdakı “5-ci kalon”unun da orda peyda olması təsadüfi deyil, onlar gəlib buradakı həmkarlarına qoşulub üsyan ocağı yaratmaq məqsədi güdürlər. Çalışırlar ki, bunun vasitəsilə hakimiyyəti qeyri-konstitusion yolla devirməyə cəhd etsinlər, Azərbaycanla sərhəddə eskalasiyasını təhrik etmək, məsuliyyəti hökumət başçısının üzərinə qoymaq və Ermənistan Respublikasının maraqları ilə heç bir əlaqəsi olmayan məqsədlərinə çatmaq istəyirlər. Artsax məsələsinə son qoyduqdan sonar Ermənistan-Azərbaycan sərhədi eskalasiyanı təhrik etmək istiqamətində yeganə qaynar ocaq olaraq qalır. Bu, Rusiya Federasiyasının erməni agentləri ilə işləyə biləcəyi yeganə istiqamətdir”.
Davit Stepanyan bir daha vurğulayır ki, Tavuş xalqı ayrılmalıdır.
“Onlar bütün bu yad siyasi maraqların qurbanıdır, kimlərsə onları aldatmağa, çaşdırmağa və öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır ki, bu da təəssüf ki, Ermənistana heç bir aidiyyatı yoxdur. Əminəm ki, onlar bunu bacarmayacaq. Başa düşdüyüm qədər, hökumət qərar verib ki, hadisələri öz axarına buraxsınlar, axırda hər şey öz-özünə dağılacaq, vəziyyət sakitləşəcək və delimitasiya davam edəcək. Bu, normal gedişatdır”, - deyə erməni siyasi şərhçi vurğulayıb.