Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Lumina Məmmədovanın cinayət işi.
"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı 49 bıçaq zərbələri ilə qətlə yetirib.
İş üzrə dinridilən Lumina Məmmədova ilkin ifadəsində bildirib ki, hadisədən bir gün əvvəl rəfiqəsi ilə görüşüb ticarət mərkəzinə sonra isə kafeyə gediblər. Orda olan zaman oğlan tanışıda onların yanına gəlib. Yemek yedikdən sonra Bakıxanov qəsəbəsində yerləşən digər kafeyə gediblər. Bir müddət sonra bir neçə tanışı ilə birlikdə çimərliyə yollanıblar.
Gecəni çimərlikdə keçirdikdən sonra evə qayıdıblar. O evə çatan kimi anası ondan harda olduğunu və gecə niyə evə gəlmədiyini soruşub.
Anası ilə aralarında bu səbəbdən mübahisə baş verib. Ünvanına işlədilən təhqirlərdən əsəbləşən Məmmədova əli ilə anasını itələyib.
Dəhlizdə yerə yıxılan anasını öldürmək məqsədi ilə Lumina Məmmədova mətbəxə keçib və istifadə etdikləri bıçağı götürüb geri qayıdıb. O, köməksiz vəziyyətdə olan yaşlı qadına yaxınlaşaraq kürəyinə, onurğasına, döş boşluğuna, boynuna və gövdəsinə çoxsaylı bıçaq zərbələri endirib.
İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə, qadının bədəni üzərində 49 ədəd kəsilmiş-deşilmiş yaraların olması müəyyən edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub.
İstintaqın sonunda Məmmədovanın əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4 və 120.2.9-cu maddələrinə tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lumina Məmmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.