ABŞ-ın Los-Anceles əyalətinin Beverli Hils şəhərində türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.
“Bu barədə Beverli Hils şəhərinin Polis Departamentinin saytı məlumat yayıb.
Qeyd edilir ki, Federal Təhqiqat Bürosunun və Los-Anceles Polis Departamentinin birgə təhqiqatı ilə 2020-ci ilin 4 noyabrında cinayətin törədilməsində şübhəli bilinən şəxslərdən biri dünən səhər Qlendeyl şəhərində həbs olunub. Beverli Hils Polis İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən ətraflı araşdırma aparılıb, hadisə yerindən götürülmüş dəlillər analiz edilib və buna əsasən istintaq tədbirləri görülüb.
Təhqiqat nəticəsində 22 yaşlı erməni Uliyam Stepanyan həbs edilib. O, qarətdə, vandalizmdə və digər cinayətlərdə ittiham edilir. Stepanyan hazırda Beverli Hils Polis idarəsindədir. Onun məhkəməsi noyabrın 16-da keçiriləcək.
Təhqiqat zamanı müəyyən olunub ki, cinayəti 6-8 nəfər törədib.
“Əgər sizdə şübhəlilər barədə hər hansı informasiya varsa, polisə müraciət edin. Əgər anonim qalmaq istəyirsinizsə, bu barədə “BEVHILLSPD"-ə mesaj yazın”, - polisin vətəndaşlara müraciətində bildirilir.
Qeyd edək ki, noyabrın 4-ü axşam radələrində Beverli Hils şəhərində erməni icmasının radikal üzvləri türklərə məxsus “Cafe Istanbul” restoranına hücum edib. Beverli Hils Polis İdarəsinin məlumatına əsasən 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.