Neftin bahalaşması risklər formalaşdırır: “Köpüklər” yaranacaq
- 05.05.2022, 12:03,
- İqtisadiyyat
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa İttifaqının bu ilin sonunadək Rusiyadan neft idxalının dayandırılması ilə bağlı yeni sanksiya layihəsi birjalara təsirsiz ötüşməyib. "Brent" markalı neftin qiyməti bir gün ərzində 7%-ə yaxın bahalaşaraq bir bareli 111 dollardan baha satılır. Avropanın neft idxalında 25% paya malik olan Rusiya neftindən tam imtina neft bazarına təsirlərini hələ bir müddət saxlayacaq.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir ki, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil.
"Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir.
2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir", - deyə millət vəkili vurğulayıb.
V. Bayramovun sözlərinə görə, neftin qiymətində kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır: "Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır".