“Azərbaycan Hava Yolları” ilə “Buta Airways”in vahid AZAL brendi altında birləşməsinə qərar verilib. Proses 2023-cü ilin oktyabr ayında baş tutacaq.
“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. Rəsmi açıqlamada bildirilib ki, il ərzində müxtəlif güzəşt kampaniyaları davam etdiriləcək.
Məlumata görə, sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq.
İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq.
Maraqlıdır, iki aviaşirkətin birləşməsinin faydası nə olacaq? Belə bir addımın atılması Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev birləşmək qərarının biletlərin qiymətinin tənzimlənməsi üçün atıldığını bilidirib.
“Fikrimcə, böyük dəyişiklik olmadı. Bu sahədə islahatlar aparılmalıdır. Keyfiyyət barədə nöqsanların olub-olmamasını deyə bilmərik, amma biletlərin qiymətindən böyük narazılıqlar var. AZAL-in biletləri bahadır. Qonşu ölkələrlə müqayisə edək. Məsələn, Gürcüstandan uçuş bizdən bir neçə qat ucuzdur. Düşünürəm ki, birləşmə qərarı biletlərin qiymətinin tənzimlənməsi üçün atılıb. Həm də “Buta Airways” və AZAL hansı ölkələrə uçuşlar olacağına qərar verməlidir. Eyni zamanda biletlərin qiymətlərinə yenidən baxılsın. Dünya təcrübəsi nəzərə alınsın. Quru sərhədlərinin bağlı olduğu halda biletlərin qiymətləri ucuz olmalıdır. İnsanların narazılığı nəzərə alınmalı və buna uyğun addımlar atılmalıdır”, - deputat vurğulayıb.
İqtisadçı ekspert Natiq Cəfərli isə birləşmənin qiymət artımı ilə nəticələnəcəyini düşünür.
““Buta Airways” şirkəti AZAL tərəfindən idarə olunurdu. Birləşmənin əsl səbəbini rəsmilər izah etməsə də, indiki açıqlamalardan belə məlum olur ki, “Buta Airways” və AZAL-ın eyni istiqamətlə uçuşlarında artıq AZAL-ın qiymətləri tətbiq olunacaq. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya istiqamətlərində “Buta Airways”in ayrıca reysləri var idi. AZAL- a paralel olaraq uçuşlar həyata keçirilirdi. Amma AZAL-ın qiymətləri daha yüksək idi. AZAL oktyabrın 1-dən eyni uçuşları həyata keçirəcəksə, deməli, AZAL-ın qiymətləri tətbiq olacaq. Təbii ki, qiymətlər artacaq. Təəssüf ki, belə bir tendensiyanı görəcəyik”, - ekspert vurğulayıb.