ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, Amerika iqtisadiyyatı ilə bağlı proqnozlar özünü doğrultduğu təqdirdə, 2024-cü ildən baza faiz dərəcəsini "ehtiyatla” azaltmaq niyyətindədir.
ABŞ Senatının Bank Komitəsində keçirilən dinləmədə o qeyd edib ki, artıq daha da güclü iqtisadi artım, sabit əmək bazarı və inflyasiyanın azaldılmasında davamlı irəliləyiş müşahidə edilir.
Əgər iqtisadiyyat bu yolda inkişafa davam edərsə, biz inanırıq ki, daralma siyasətinin yumşaldılması prosesi bu il ərzində ehtiyatla başlaya bilər", - Pauell cavab verib.
Xatırladaq ki, cari ilin yanvarın 31-də Pauell FED-in mart ayında keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltmağa qərar vermə ehtimalının az olduğunu deyib. Eyni zamanda o, ABŞ-ın bu ilin sonunda baza faiz dərəcəsini endirməyə başlaya biləcəyini də vurğulamışdı.
Qeyd edək ki, FED yanvarın sonunda baza dərəcəsini 5,25-5,5 faiz səviyyəsində saxlayıb. Görəsən, FED uçot dərəcəsini azaldarsa, bu manata necə təsir edəcək?
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, FED-in uçot dərəcəsini aşağı salması və yaxud qaldırmasının manatın məzənnəsinə birbaşa şəkildə heç bir təsiri yoxdur:
"FED-in faizləri azaltması dünyada dolları ucuzlaşdıracaq. Bu Amerikanın strategiyasına uyğundur. Çünki ucuz dollar ABŞ-a daha çox ixrac etməyə imkan verir. Uçot dərəcəsi indi tarixi maksimum səviyyədədir. Bu da Amerika iqtisadiyyatında kreditləşməni bahalaşdırdığından müəyyən durğunluq yaradır.
Uçot dərəcəsinin aşağı salınmasının birbaşa manata heç bir təsiri yoxdur. Çünki Azərbaycanda manat inzibati qaydada tənzimlənir. Uçot dərəcəsi artanda da onun manata təsiri olmadı. FED-in uçot dərəcəsi 0-0,25 faiz dərəcəsində olan vaxtı manat indiki məzənnə ilə 1,70 manat idi.
İndi uçot dərəcəsi 5,5 faiz dərəcəsindədir, amma manatın məzənnəsi yenə də 1,70 səviyyəsindədir. Yəni FED-in qərarlarının manata birbaşa təsiri olmur. Manatın gələcəyi və məzənnəsinə təsir edən yeganə meyar neft qiymətləri və Mərkəzi Bankın inzibati tənzimləmə mexanizmidir.
Manatın gələcəyilə bağlı hər hansı bir qərar veriləcəksə, bu yalnız neftin qiyməti və Mərkəzi Bankın strategiyasına uyğun olaraq veriləcək”.