Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Satılan valyuta məbləği iyun ayı ilə müqayisədə 420,7 milyon ABŞ dolları və ya 51% artıb. Valyuta tələbatının kəskin surətdə artması insanlar arasında artıq uzun müddətdir ki, müzakirə olunan devalsivasiya mövzusunu yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda neft və qaz gəlirlərində ciddi azalmanın olması, ölkəyə daxil olan valyuta həcminə də təsir göstərir:
“Artıq 9-cu ildir ki, manatın dollar qarşısındakı kursu stabil olaraq qalır. Bundan öncə, 2015-ci ilədək müvafiq olaraq, köhnə məzənnəni saxlamaq mümkün olmadı deyə, 3 pilləli devalivasiya baş verdi. İlk öncə 1 manat 5 qəpik, sonra 1 manat 55 qəpik, sonda isə 1 manat 70 qəpikdə sabitləşdi. 9 ildir ki, həmin sabit məzənnə rejimi davam edir. Bunu uzun müddət eyni səviyyədə saxlamaq olduqca çətindir. Nəzərə alaq ki, Azərbaycanın neft gəlirlərində ciddi azalma var, çünki hasilat kəskin azalıb. Məsələn, may-iyun aylarında hasilat heç 500 min barelə çatmadı, halbuki 2011-2012-ci ildə biz 900-950 min barel neft hasil edirdik. Yəni neft hasilatının düşməsi, valyuta gəlirlərinin azalması, qaz qiymətlərinin əvvəlki illərə nisbətən ucuzlaşması gəlirlərə mənfi təsir göstərib. Bütün bunlar Azərbaycana manatına basqı yaradan amillərdir”. Həkim tap
Ekspertin fikrincə, növbəti il üçün devalivasiyanın baş verməsi qaçılmazdır:
“Düzdü, iyul-avqust aylarında dollara tələbatın artmasının başqa səbəbləri də var. Valyutaya tələbat bu ay da yüksək olacaq, çünki təhsil mövsümünə hazırlıqla əlaqəli 100 milyonlarla dollara ehtiyac var ki, təhsil sahəsində istifadə olunan tədris məhsullarından tutmuş geyimə qədər alınsın. Bizdə bütün bunlar hamısı xaricdən gətirilir və xaricdən gətirildiyinə görə valyutaya tələbat da artır. Hətta mən əminəm ki, avqust ayında da biz bu artım tempini görəcəyik. Valyutaya tələbat artdıqca və buna paralel ölkədə daxil olan valyutanın həcmi azaldıqca devalivasiya təhlükəsi də yüksələcək. Düşünürəm ki, bu il olmasa da, növbəti il ərzində Mərkəzi Bankın belə bir addım atması mümkündür. Çünki valyuta gəlirlərinin azalması valyuta ehtiyatlarına qənaəti gündəmə gətirəcək. Bunun ən rahat forması isə məzənnə dəyişikliyidir”.