“Böyük xəzinə” olan ilan zəhərinin istehsalı Azərbaycanda niyə bərpa olunmur?
Son günlər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların, eyni zamanda virusdan dünyasını dəyişənlərin sayında artım müşahidə olunur. Artıq bir müddətdir ki, ölkəmizdə gündəlik yoluxanların sayı 2500-3500, virusdan ölənlərin sayı isə 35-45 arasında dəyişməkdədir. Mütəxəssislər yoluxma və ölənlərin sayının sürətlə artmasının əsas səbəblərindən biri kimi təhlükəli “Delta” ştammının yayılmasını göstərir.
Azərbaycana qonşu olan ölkələrdə də vəziyyət xeyli gərgindir. Məsələn, pandemiyanın ilk dövrlərində virusa qarşı mübarizədə uğurlu nəticələr nümayiş etdirən Gürcüstanda hazırda həm virusa yoluxanların, həm də virusdan ölənlərin sayı Azərbaycandan xeyli çoxdur. Bəzi mütəxəssislər qeyd edir ki, Gürcüstanın Avropa ilə əlaqələri daha geniş olduğundan, ölkədə xəstəliyə yoluxma sayı çoxdur.
İndi dünya ölkələri bir tərəfdən koronavirusla mübarizə tədbirləri görməklə yanaşı, virusu dəf edəcək vaksinlər, preparatlar kəşf etməyə çalışır.
ABŞ-ın “Reuters” agentliyinin internet səhifəsində “Yeni araşdırma: Braziliyadakı gürzə ilanının zəhəri COVİD-lə mübarizədə yararlı ola bilər” başlıqlı yazı dərc edilib. Yazının müəllifi Leonardo Benassattodur. Braziliyalı tədqiqatçıların araşdırmasına görə, gürzə ilanının zəhərindəki molekul meymun hüceyrələrində koronavirusun çoxalmasının qarşısını alır. Bu, COVİD-19 infeksiyası əleyhinə dərmanın hazırlanmasında ilk addım ola bilər.
Araşdırmanın nəticəsi “Molecules” jurnalında dərc olunub. Bildirilir ki, gürzələr fəsiləsinə aid cararakussu (Jararacussu) zınqırovlu ilanının ifraz etdiyi molekul meymun hüceyrələrində virusun çoxalmasını 75 faiz əngəlləyir.
Araşdırmanın müəllifi, San-Paulu Universitetinin professoru Rafael Quido deyir: “Biz ilan zəhərinin bu komponentinin virusun çox əhəmiyyətli bir proteinini əngəllədiyini sübut edə bilmişik”.
Araşdırmada vurğulanır ki, cararakussunun ifraz etdiyi, peptid və ya amin turşuları zəncirindən ibarət molekul koronavirusun çoxalmasında çox vacib rol oynayan “PLPro” adlı fermentlə əlaqə qura bilir, həm də bu zaman başqa hüceyrələrə zərər vurmur.
Professor Rafael Quido bunları qeyd edərkən onu da diqqətə çatdırır ki, antibakterial özəllikləri əvvəllər də məlum olan peptidləri yalnız laboratoriya şəraitində sintez etmək mümkündür, ona görə kimlərinsə həmin peptidləri əldə etmək üçün ilanları tutması və ya öldürməsi tamamilə yersiz hərəkətdir.
San-Pauludakı Butantan İnstitutunun bioloji kolleksiyasının rəhbəri, herpetoloq Cüzeppe Puorto da Braziliyada insanların cararakussu ovuna çıxmasından narahatlığını ifadə edir: “Dünyanı xilas edəcəklərini düşünən həmin insanlara səslənirik - məsələ siz bilən kimi deyil. Koronavirusu müalicə edəcək ilan zəhərinin özü deyil, ondan alınan molekuldur”.
Araşdırmaya cəlb olunan San-Paulu Dövlət Universiteti bəyan edir ki, tədqiqatçılar bundan sonra molekulun fərqli dozalarının effektivliyini və virusun hüceyrələrə keçməsinin qarşısını ala bilib-bilməyəcəyini qiymətləndirəcəklər.
Tədqiqatçılar bu maddəni insan hüceyrələrində sınaqdan keçirəcəklərinə ümid edirlər, lakin bunu nə vaxt edəcəklərini hələ açıqlamayıblar.
Braziliyanın ən iri ilanlarından sayılan cararakussunun uzunluğu 2 metrə qədərdir. Cararakussu Braziliyada Atlantik meşələrində yaşayır. Bu növ ilana Boliviya, Paraqvay və Argentinada da rast gəlinir.
Bəs azərbaycanlı mütəxəssislər necə düşünür, ilan zəhərin koronavirusa qarşı güclü effektivlik göstərə bilərmi?
Mövzu ilə bağlı təbii üsullarla müalicə mütəxəssis-həkim Seyfəddin Əsəd danışıb: “Ümumiyyətlə, ilan zəhəri ilə müalicə uzun illərdir ki, var. İlan zəhəri orqanizmdə oynaq ağrılarına qarşı effektiv təsir göstərir, immuniteti qaldırır. Bu baxımdan düşünürəm ki, ilan zəhərinin tərkibindəki elementlər koronavirusa qarşı mübarizədə də öz təsirini göstərə biləcək”.
Qeyd edək ki, dünyada qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən dəfələrlə bahadır. Hazırda dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır.
Azərbaycanda da vaxtilə sovet dövründə ilan zəhəri istehsal olunub. Həmin dövrdə ilan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı Herpetoloji kombinatlarda aparılıb. Xüsusən də Zirə Herpetoloji Kombinatı müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. İstehsalı artırmaq üçün maraqlı kampaniyalar aparılır, ilan tutub təhvil verənə bahalı mükafat verilirdi.
Ümumilikdə Orta Asiya və Azərbaycanda cəmi bir yerdə 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü. Bu isə kifayət qədər yüksək göstəricidir. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra bu kombinatlar ləğv olunmasa da fəaliyyəti dayandırıldı. Bəs indiki dövrdə ölkəmizdə yenidən ilan zəhərinin istehsalı niyə bərpa olunmur?
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, keçmiş “Zootoksinlər” İstehsal, Elmi Araşdırmalar Mərkəzinin direktoru Təvəkkül İsgəndərov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlan zəhəri çox faydalı məhsuldur. Əczaçılıqda tibbi xammal olaraq ilan zəhərinə çox ciddi ehtiyac var. İlan zəhərindən, xüsusən də gürzə ilanının zəhərindən dərman hazırlanır ki, həmin dərman radikulit, əzəl ağrısı xəstəliklərində ağrıkəsici məlhəm kimi istifadə olunur. Ümumiyyətlə, gürzə və digər ilanların zəhəri ona görə çox qiymətli xammal hesab olunur ki, onların tərkibində bioloji aktiv komponentlər, elementlər var. Artıq dünya alimləri ilan zəhərindəki bioloji aktiv komponentlərdən koronavirusa qarşı müalicədə də istifadə oluna biləcəyini açıqlayırlar. Əlbəttə ki, qabaqcıl ölkələrdə ilan zəhərinin tərkibini araşdırmaq, ondan müxtəlif preparatların hazırlanması yönündə tədqiqatlar aparmaq üçün hər cür şərait və avadanlıqlar var. Bildiyiniz kimi, Azərbaycan da uzun müddət ilan zəhəri istehsalı ilə məşğul olub. Ölkəmiz bu sahədə SSRİ-də ən qabaqcıl istehsal yerlərindən biri idi. Təxminən bu bazarın 65-70 faizini Azərbaycan ödəyib. Hər il təxminən 3,5 kq quru, kristal gürzə zəhəri əldə edilir və Estoniyadakı dərman zavoduna göndərilirdi. Lakin təəssüf ki, Azərbaycan yalnız ilan zəhəri istehsalı istiqamətində çalışıb, həmin zəhərin istifadəsi sahəsində tədqiqatlar aparılmayıb. Bunun üçün güclü maddi texniki baza, laboratoriyalar tələb olunur. Çox istərdik ki, ilan zəhərinin və onun tərkibindəki aktiv bioloji komponentlərin araşdırılması üçün tədqiqatlar aparaq. Bu tədqiqatlar aparılsa, nəsə nəticə əldə etmək olar. Necə ki, Braziliyada, Almaniyada və digər qabaqcıl ölkələrdə istifadə olunur, tədqiqatlar aparırlar. Məsələn, Braziliyada kobra ilanının zəhərindəki komponentlərdən istifadə edib, morfindən 10 dəfələrlə güclü olan və orqanizmdə heç bir asılılıq yaratmayan ağrıkəsici dərman istehsal etməyə başlayıblar. Əlbəttə ki, bu dərman istehsalı üçün əvvəlcədən xeyli sayda tədqiqatlar aparılıb. Braziliyada bunun üçün kifayət qədər şərait və imkanlar var”.
Ölkəmizdə yenidən bu sahənin bərpasına gəldikdə isə Təvəkkül İsgəndərov qeyd etdi ki, bunun üçün sifarişçilər lazımdır: “Əgər nə vaxtsa yenə də Azərbaycana sifarişlər gələrsə, məhz o sifarişin müqabilində ilan zəhərinin istehsalını bərpa edə bilərik. Hələlik belə bir sifariş, tələbat yoxdur. Bununla belə, qeyd edim ki, yenidən ilan zəhərinin istehsalı üçün Azərbaycanda həm mütəxəssis, kadr, həm də təcrübə baxımından hər cür imkan var”.
Məlumata görə, Azərbaycanda SSRİ dövründən qalma 19 kq-a yaxın xammal ilan zəhəri var və məhsul hələ də istifadəsiz qalmaqdadır. Hətta deyilənə görə, 2018-ci ildə Türkiyənin “Marmara trade” adlı bir şirkəti bu zəhərin 8-10 kq-nı almaq istəsə də, sonradan uzun illərdir qalan zəhərin keyfiyyəti ilə bağlı bu danışıqlar nəticəsiz qalıb.
Təvəkkül İsgəndərovun bu barədə dedikləri: “Bəli, SSRİ dövründən 19 kq xammal ilan zəhəri var. Lakin həmin məhsul keçmiş SSRİ dövründən qalıb. Əlbəttə ki, 30 il ərzində həmin məhsulun tərkibindəki aktiv elementlərin təsiri aşağı düşüb, ciddi xammal kimi o qədər də yararlı deyil. Ciddi xammal kimi ilan zəhəri istehsal olunduğu bir il ərzində istifadə olunur. Saxlandıqca onun tərkibindəki komponentlərin aktivliyi aşağı düşür və əhəmiyyətini itirir. Ona görə də həmin köhnə ilan zəhərinin satışı real görünmür və bununla bağlı dəfələrlə tədqiqat və yoxlanılma işi aparılıb, yararsızlığı təsdiq olunub”.(musavat.com)