Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Minsk qrupunun həmsədri olan Fransa parlamentinin verdiyi qərara münasibət bildirib. Qardaş ölkə rəhbəri Fransa Senatının qəbul etdiyi sənədi qalmaqallı addım adlandırıb:
“Qardaşım İlham Əliyevin də dediyi kimi, Fransa erməniləri bu qədər sevirsə, Marseli onlara verə bilər. Heç bir ölkənin başqa bir ölkənin torpaqlarına bu qədər alçaqcasına hücumu qəbul edilə bilməz. Suriyadan Liviyaya qədər hər yerdə bənzər davranışlara yol verən Fransa problemin həllinə çalışdığını deyil, problemin bir hissəsi olduğunu sübuta yetirir. Ən son Livanda da eyni oyunu oynadı və nəticə almadı. Fransanın bu təhlükəli addımlarına beynəlxalq ictimaiyyətin laqeyd qalmayacağına ümid edirəm. Türkiyə hər zaman və hər yerdə olduğu kimi, haqlının, məzlumun yanında olan siyasətini davam etdirəcək”.
Xatırladaq ki, bu yaxınlarda Fransa senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanıyan qətnamə qəbul edib. Senatın qərarı bizim üçün təəccüblü deyil. Çünki münaqişəsinin həllində bu ölkənin mövqeyi heç vaxt neytral olmayıb.
Bunu açıq şəkildə olmasa da, müxtəlif yollarla büruzə veriblər. Artıq Fransa qərəzli açıqlamaları və qərarları nəticəsində vasitəçilik missiyasını yerinə yetirmək üçün əlində heç bir hüquqi əsas saxlamayıb. Bitərəfliyini qoruya bilməyən ölkə Ermənistanın işğalçı siyasətinə dəstək verərək Azərbaycan əleyhinə bir sıra qərarlar qəbul edib.
Hüquq elmləri doktoru, professor Əfsər Sadıqov məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında bildirib ki, Fransa belə bir addım atmaqla özünün beynəlxalq hüquqi öhdəliyini pozdu. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır.
Əgər hər hansısa ölkə bu əraziyə istənilən formada müdaxilə edərsə özünün beynəlxalq hüquqi öhdəliyini pozmuş sayılır. Həmin normalara əməl olunmazsa, Azərbaycanın bu barədə əks-tədbirlər görməyə haqqı var. Bizə bunun üçün həm konstitusiyamız, həm də ayrı-ayrı xüsusi qanunvericilik aktlarımız imkan verir".
Professor, həmçinin qeyd edib ki, Azərbaycan bu haqda müxtəlif beynəlxalq məhkəmələrə şikayət edə bilər:
"Şübhəsiz ki, Azərbaycan sözügedən məsələyə görə beynəlxalq hüquqi mexanizmlərə də müraciət edə bilər. Məsələn BMT beynəlxalq məhkəməsi və yaxud Avropa məhkəməsinə biz məsələ haqqında şikayət edərək həmin məhkəmələr vasitəsilə Fransanın fəaliyyətinin bu çərçivədə qiymətləndirilməsinə nail ola bilərik. Həmçinin Azərbaycan Fransa Senatını beynəlxalq hüquq normalarını pozduğuna görə məhkəməyə verə bilər".