“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Bakıya işgüzar səfəri gözlənilir. Bundan əvvəl isə Lavrov Ermənistanda olacaq. Qarabağda sülhməramlısı yerləşən bir ölkənin xarici siyasət məsələlərinə məsul nazir təbii ki, hər iki ölkədə Qarabağ ərtafında müəyyən müzakirələr aparacaq. Bu sırada 10 noyabr üçtərəfli razılaşması, 11 yanvar Moskva görüşündə əldə edilən nəticələr, kommunikasiyaların açılması və s. kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir”.
Bunu “Ölkə.Az”a açıqlamasında politoloq Rafail Becanov deyib.
Onun sözlərinə görə, Azərbaycanın marağında olan bir neçə məsələ var ki, bu, xüsusilə Lavrovla müzakirə edilməlidir.
“Birincisi, parad məsələsidir. Rusiya sülhməramlıları niyə Xankəndidə parad keçirir, hansı status və ya haqla?
İkinci məsələ isə Rusiyanın Ermənistana təzyiq etməsi və minalanmış xəritələrin Azərbaycana verilməsi olmalıdır. Azərbaycan tərəfi bu məsələni Lavrovun qarşısında şərt kimi qoymalıdır. Ermənistan sabitlik istəyirsə, Rusiya da bu məsələdə maraqlıdırsa, xəritələri alıb Azərbaycan tərəfinə təqdim etməsi üçün Paşinyan hökumətinə təzyiq etməlidir”, - politoloq qeyd edib.
O əlavə edib ki, hazırda Ermənistanı buna məcbur etmək üçün daha münasib zamandır:
“Ermənistanda seçkiyə hazırlaşırlar. Təzyiq və tələb olarsa, Paşinyan hökuməti Rusiyanı incik salmamaq üçün xəritələri təqdim edə bilər. Revanşistlər də bu məsələdə çox dərinə getməyəcəklər. Çünki hər iki tərəfə, həm Paşinyana, həm də revanşistlərə Rusiyanı incik salmamaq və onun dəstəyini qazanmaq hava-su qədər vacibdir. Seçkidən sonra isə qələbə qazanan kim olur-olsun, Paşinyan və ya revanşistlər bu xəritələri verməkdən imtina edəcəklər. Hazırda isə Azərbaycanın tələbi, Rusiyanın təzyiqi ilə bunu daha rahat təqdim edə bilərlər.
Bu baxımdan Lavrovun səfəri bizim üçün nəticəli bitməlidir”.