Araz çayı boyunca inşa edilmiş Araz su anbarı və Mil-Muğan hidroqovşağının birgə istifadə edilməsinin 50 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib.
Məlumata görə, Azərbaycan və İranın hökumət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş mərasim ərazidəki sərgi ilə tanışlıqdan başlanıb. Tədbirdə Azərbaycan tərəfdən Naxçıvan MR-nın Baş naziri Səbuhi Məmmədov, İran tərəfdən isə Şərqi Azərbaycan vilayətinin valisi Mohammad Reza Pour Mohammadi açılış nitqləri ilə çıxış ediblər. Araz çayı üzərində Azərbaycan və İran tərəfindən tikilərək 1971-ci ildə birgə istismara verilmiş, həcmi 1 milyard 350 milyon kubmetr olan Araz su anbarı, həmçinin “Araz” SES və hər iki ölkənin ərazisində 400 min hektar sahənin suvarılmasını təmin edən Mil-Muğan su anbarının regional əməkdaşlığın inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.
S.Məmmədov deyib: “Bu gün ölkə prezidentlərinin iradəsinə uyğun olaraq həyata keçirilən birgə layihələr əlaqələrimizi daha da möhkəmləndirir. Azərbaycan və İranın dövlət sərhədində Araz və Mil-Muğan su anbarlarının dostcasına birgə istifadəsinin 50 illiyinin xüsusi mərasimlə qeyd edilməsi əlaqələrimizin möhkəm tarixi köklər üzərində daha da inkişafının göstəricisidir”.
M.R.P. Mohammadi bildirib: “Bu gün həm mədəni sərvət, həm də bölgə insanları üçün iqtisadiyyatın həyat arteriyası olan, bir çaydan daha üstün məna daşıyan Araz çayı ətrafında toplaşmışıq. Bu çay geniş əməkdaşlığımız üçün üzümüzə açılan böyük bir dünyanın nümunəsidir. İnşallah ki, sabahın işıqlı günləri üçün əməkdaşlığı davam etdirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bitməsini və bölgədə davamlı sülhün bərqərar olmasına dair razılıqları nəzərə alaraq bütün ölkələrin əməkdaşlığı üçün yaxşı bir fürsət yaradılıb. Azərbaycanla hər cür əməkdaşlığa hazırıq”.
Tədbirdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın sədri Zaur Mikayılov çıxış edib. O, əmin olduğunu vurğulayıb ki, mövcud su ehtiyatlarından daha səmərəli istifadənin təmin olunması, su təminatında yarana biləcək çətinliklərin vaxtında qarşısının alınması və hər iki dövlətin su və enerjiyə olan tələbatının ödənilməsi məqsədilə bu sahədə fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək.
İranın energetika naziri Reza Ardakanian bildirib: “Araz və Mil-Muğan su anbarlarının istismara verilməsinin 50-ci ildönümü İran və Azərbaycan arasındakı dərin dostluq əlaqələri və əməkdaşlıq münasibətlərini ifadə edir. Şübhəsiz, Araz çayı İran və Azərbaycan arasında hər iki qonşu dövlətin əhalisinin qan damarı kimi ortaq sərhədin mühüm hissəsində sülh və dostluğun simvoluna çevrilib”.
Yekunda Araz su anbarları və Mil-Muğan hidroqovşağının istismarı üzrə birgə komissiyanın və 50-ci görüşün protokolu imzalanıb.