Azərbaycan Qarabağın bütün ərazisinə nəzarəti tam və qəti şəkildə bərpa etməyə çalışacaq.
“Ölkə.Az” xəbər verir ki, belə bir fikri Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov İkinci Qarabağ müharibəsinin nəticələri haqqında yazdığı “Qafqazda fırtına” yazısında qeyd edib.
Mərkəz rəhbərinin sözlərinə görə, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük İkinci Qarabağ müharibəsi təkcə ona qoşulan Ermənistan və Azərbaycan üçün dönüş nöqtəsi deyil, eyni zamanda Cənubi Qafqazda siyasi və hərbi güc balansını dəyişdirdi, Türkiyənin regional güc olaraq daha da yüksəlməsinə töhfə verdi.
“Azərbaycanın pilotsuz uçuş aparatları və döyüş sursatı ilə hava üstünlüyünə nail olması müharibənin nəticəsini təyin edən əsas amillərdən biri deyil, həm də bu miqyaslı silahlı toqquşmalarda hərbi sənətin inkişafında bir addım idi”, - Puxov qeyd edib.
O əlavə edib ki, 26 il ərzində dondurulmuş Ermənistan-Azərbaycan münaqişəsinin nə qədər tez və güclü şəkildə yenidən başladığını nəzərə alsaq, o zaman Qarabağdakı mövcud vəziyyəti sabit hesab etmək olmaz: “Əgər belədirsə, nəinki son müharibənin dərslərini öyrənmək, həm də onun təyin etdiyi dinamikanı izləmək lazımdır.
Hər şeydən əvvəl, silahlı toqquşmanın nəticələrinin məğlub olanları şoka salması və onlara dərin bir yara vurması, qalibləri də tam razı salmadığına əsaslanmalıyıq. Yaxın gələcəkdə ermənilərin qisas almaq imkanları perspektivdə görünməsə də, Azərbaycan Qarabağın bütün ərazisinə nəzarəti tam və qəti şəkildə bərpa etməyə çalışacaq. Rusiya da çətin bir vəziyyətlə üzləşib. Bəzi beynəlxalq analitiklər atəşkəsin əldə olunması və Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsini Moskvanın qələbəsi adlandırmağa tələsdilər.
Belə baxışlar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının beşillik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”.