Prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.
Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.
Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.
Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik.
Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan-Polşa əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.