"Polşaya düşən raketlər Ukrayna müharibəsinə yanaşmaların yenidən dəqiqləşməsinə də imkan verdi. Və belə görünür ki, məsələ raketlər yox, kimin nə əldə etmək istəyidir".
Bunu siyasi şərhçi Asif Nərimanlı G20 sammitində dünya liderlərinin Polşaya raketlərin düşməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
"Raketlərə görə Rusiyanın məsuliyyət daşıdığını deyən rəsmi Kiyev “Avropanın hava məkanının bağlanmasının zəruriliyini” irəli sürür, lakin şəhərləri bombalanan, insanları ölən Ukrayna indiyə qədər buna nail ola bilməyib. Polşaya raketlərin düşməsi ilə avropalıların “raket zərbələri”nin nə olduğunu hiss etməsi Kiyevin tələbinin zəruriliyini artırır.
Lakin Qərb raketin Rusiyaya məxsus olmadığında israr edir. Polşa bəyan edir ki, “bu qəsdən vurulmuş zərbə deyil, NATO katibi bildirir ki, məqsədyönlü hücumun edildiyi, yaxud raketin Rusiya tərəfindən atıldığına dair heç bir əlamət yoxdur, ABŞ da eyni mövqeyi paylaşır.
Rusiyaya dair ortaq fikir “nəticə etibarilə Moskva günahkardır” ritorikasından ibarətdir", - ekspert bildirib.
Onun sözlərinə görə, hətta Rusiya zərbə endirsə, yaxud Polşaya düşən raketlərin ruslara məxsus olduğu ispatlansa belə mövqe dəyişməyəcək: "Çünki NATO üzvü olan Polşaya hücum edilərsə, hərbi ittifaq Rusiyaya cavab verməlidir. ABŞ-NATO əvvəldən müharibənin Ukrayna sərhədlərindən kənara çıxmasına qarşıdır və NATO üzvü olan Polşaya raketlərin düşməsi bu planı poza bilməz. Qərb Ukraynanın tələb etdiyi kimi hava məkanının bağlanmasını istəmir və bu məqsədlə Rusiyanı “müdafiə etmək” məcburiyyətində qalıblar".
Siyasi şərhçi burada Ukrayna amilinə diqqət çəkir: "ABŞ və NATO Kiyevin günahkar olmadığını əlavə etməklə raketlərin Ukraynanın hava hücumundan müdafiə sisteminə aid olduğu fikrini önə sürür. Rəsmi Kiyev bunu qəbul etmir, raketlərdə Rusiya izinin olduğuna dair dəlilləri verməyə
hazır olduğunu deyir.
Hərçənd, Rusiya ilə üz-üzə gəlmək istəməyən Qərb məsələyə “qəsdən edilmiş hücum deyil” fikri üzərindən də yanaşa bilərdi. Raketlərin Ukraynaya aid edilməsi Kiyevlə müəyyən anlaşılmazlığın olmasından qaynaqlana bilər. İstisna deyil ki, əsas toqquşma Ukrayna-Rusiya sülh danışıqlarının hazırlanması üzərindədir və ABŞ-NATO Polşaya düşən raketlərin proseslərin planlaşdırılan inkişafına təsir etməsini istəmir".