Rəsmi Bakı həm son vaxtlar arxayınlaşıb, bütün "qırmızı cizgiləri" keçməyə çalışan erməni separatçı-terrorçulara, həm də rus sülhməramlılara açıq və sərt xəbərdarlıq mesajı verdi... Cəmisi 10-15 silahsız ekoloq qarşısında panik duruma düşən erməni separatçı-terrorçular anlamalıdırlar ki, Azərbaycan komandosları ETSN əməkdaşları kimi kübar davranmağa həvəsli olmayacaqlar...
Azərbaycan dövləti ərazi bütövlüyünün təmin olunmasına yönəlik prosesin son mərhələsinə start verib. İndi rəsmi Bakı Azərbaycanın beynəlxalq hüquq normaları ilə sahib olduğu haqlarının reallaşdırılması niyyətində tamamilə qərarlı davranır. Çünki artıq hər kəsə - Azərbaycan ərazilərinə hələ də göz dikənlərə öz yerini göstərməyin vaxtı çatıb.
Təbii ki, bu prosesin ilk mərhələsi II Qarabağ savaşında tarixi zəfər qazanmış Azərbaycan ordusu tərəfindən uğurla yekunlaşdırılıb. İndi növbə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya etdirilməsinə çatıb. Və rəsmi Bakı bu istiqamətdə artıq qətiyyətli addımlar atmağa başlayıb.
Məsələ ondadır ki, rus sülhməramlılar son vaxtlar müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində özlərini bölgənin sahibi kimi aparmağa çalışırdılar. Erməni separatçı-terrorçulara himayədarlıq edirdilər, bu cinayətkar qruplar üçün müdafiə istehkamları qururdular, hətta onları "humanitar yardım" adı altında silahlandırırdılar.
Halbuki, rus sülhməramlıların əsas missiyası erməni separatçı-terrirçuların tərksilah olunması, eləcə də, Ermənistan ordusunun tör-töküntülərini Azərbaycan ərazisindən çıxarılması öhdəliyindən başlayırdı. İndiyə qədərsə, rus sülhməramlılar bu öhdəliyin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaylblar. Əksinə, Xankəndi və ətraf bölgədə olduqları müddət ərzində Azərbaycan ərazilərini qondarma "erməni toponimləri" ilə adlandırmaqla, problemin həllini daha da qəlizləşdirməyə çalışıblar.
Rəsmi Bakı son vaxtlar bu məsələ ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin bəyanatları üzərindən verdiyi mesajlarla daha səbr etmək niyyətində olmadığını göstərdi. Ancaq nə qədər də qəribə də olsa, Azərbaycan ərazilərində müvəqqəti dislokasiya olunan rus sülhməramlılar həmin mesajlara adekvat reaksiya verməkdən hələ də yayınmağa çalışırlar. Və bu, rəsmi Bakını daha sərt addımlar atmaq məcburiyyətində buraxır.
Düzdür, rus sülhməramlıların komandanı, general-mayor Volkov Azərbaycan mətbuatına açıqlamasında bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışıb. O, bildirib ki, rus sülhməramlılar öz rəsmi sənədlərində və məlumatlarında Azərbaycanın təqdim etdiyi toponimlərdən istifadə edir. Ancaq Rusiya Müdafiə Nazirliyində xəritələrin və məlumatların dərc olunmasına məsuliyyət daşıyanlar həmin toponimlərdə dəyişiklik edirlər.
Yəni, rus general bütün günahı tabe olduğu Rusiya Müdafiə Nazirliyinin üzərinə yıxmağa çalışır. Halbuki, tarixi Azərbaycan toponimlərini uydurma erməni adları ilə əvəzləyənlərin harada olması o qədər də böyük əhəmiyyət daşımır. Çünki, rəsmi Bakı üçün Rusiya Müdafiə Nazirliyi ilə rus arasında elə bir ciddi ciddi fərq mövcud deyil. Əsas məsələ odur ki, Azərbaycan dövlətinin ərazisinə aid yer adları doğru qeyd edilməlidir. Və qətiyyən şübhə doğurmur ki, Rusiyanı Müdafiə Nazirliyi də rəsmi Bakının bu haqlı tələbi ilə hesalaşmalı olacaq.
Bir müddət öncə Azərbaycan mətbuatında rus sülhməramlıların və erməni separatçı-terrorçuların digər ortaq cinayəti barədə də məlumatlar gündəmə gəlmişdi. Məlum olmuşdu ki, Kremlin Azərbaycanın Xankəndi və ətraf bölgəsinə "təxribat ezamiyyəti"nə göndərdiyi erməni milyarder Ruben Vardanyan və həmin ərazidə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların komandanı, general-mayor Volkov Qarabağ iqtisadi regionunda təbii sərvətlərimizi talayırlar. Və belə məlumatlar arxasında inkaredilməz faktlar olmadan mətbuata yol tapa bilməzdi.
Rəsmi Bakının rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında Azərbaycanın təbii sərvətlərinin talanmasının və ekoloji terrorun qarşısını almaq üçün birbaşa hərəkətə keçməsi də həmin məlumatların doğru olduğunu təsdiqlədi. Belə ki, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), eləcə də, "AzerGold" QSM-in təmsilçiləri rus sülhməramlılardan bölgədə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı araşdırma və manitorinq aparılması üçün şərait yaradılmasını tələb ediblər. Rus sülhməramlıların Xocalıda yerləşən qərargahında aparılan danışıqlarda bu barədə ilkin anlaşmanın əldə olunduğu bildirilir. Və yaxın vaxtlarda bu məsələnin araşdırılması ilə bağlı mütəxəssislərin fəaliyyətinin təmin edilməsi istiqamətində "yol xəritəsi"nin hazırlanacağı vurğulanır.
Təbii ki, bütün bunlar rəsmi Bakının Azərbaycanın Xankəndi və ətraf bölgəsi ilə bağlı konkret və qətiyyətli addımlar atmaq ərəfəsində olduğunu göstərir. ETSN üzərindən başladılan bu proses böyük önəm daşımaqla yanaşı, həm də konkret ünvanlara açıq mesaj xarakteri də daşıyır. Belə ki, bu addımla rəsmi Bakı həm son vaxtlar arxayınlaşıb, bütün "qırmızı cizgiləri" keçməyə çalışan erməni separatçı-terrorçulara, həm də rus sülhməramlılara açıq və sərt xəbərdarlıq etmiş oldu.
İndi erməni separatçı-terrorçular "artsax" nağıllarını bir kənara buraxıb, Azərbaycan ərazisində olduqlarını anlamaq məcburiyyətindədirlər. Nə Fransanın, nə də Rusiyanın fəal himayəsi onları bu reallıqdan yayındıra bilməz. Çünki rəsmi Bakı vaxtı çatanda bütün hüquqi addımları atmağa qadir olduğunu növbəti dəfə hər kəsə göstərdi.
Erməni separatçı-terrorçuların qaldırdığı hay-küy isə heç bir önəm daşımır. Əksinə, onların nə qədər aciz və çıxılmaz bir vəziyyətdə olduğunu göstərir. Çünki əgər, cəmisi 10-15 silahsız ekoloq qarşısında belə panik duruma düşürlərsə, bundan özləri lazımi nəticə çıxarmalıdırlar. Əks halda, bir gün silahlı, yaxşı təlim keçmiş, yüksək döyüş qabiliyyətli Azərbaycan komandosları ilə də qarşılaşa bilərlər. Və Azərbaycan komandoslarının, silahsız ETSN əməkdaşları kimi kübar davranmağa həvəsli olmayacaqları qətiyyən şübhə doğurmur.
Ona görə də Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular onları gözləyən gələcək barədə indidən düşünsələr, daha yaxşı olar. Əks halda, səbri tükənməkdə olan rəsmi Bakı növbəti dəfə ekoloqları deyil, Azərbaycan komandosları göndərsə, gec olacaq və erməni separatçı-terrorçuları heç kim, o cümlədən də rus sülhməramlılar xilas edə bilməyəcək. Yəni, Azərbaycan dövlətini belə radikal addımlar atmaq məcburiyyətində buraxmaq erməni separatçı-terrorçular üçün intihar anlamı daşıyardı.
Əslində, Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçular rəsmi Bakının bölgədə müvəqqəti dislokasiya edilmiş rus sülhməramlılara verdiyi mesajlardan da məntiqli nəticələr çıxara bilərlər. Çünki, rəsmi Bakı son addımları ilə rus sülhməramlılara bölgədə müvəqqəti olduqlarını, burada istədikləri kimi sərbəst davranmaq səlahiyyətlərinin olmadığını xatırlatdı.
Eyni zamanda, rəsmi Bakı Kremlə də mesaj göndərdi ki, Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiyasını Rusiyanın maraqlarına uyğun şəkildə ləngitmək niyyətindən çox-çox uzaqdır. Yəni, ilk beş illik dislokasiya müddəti sona çatdıqda Rusiyadan öz sülhməramlı qüvvələrini Azərbaycanın Xankəndi və ətraf bölgəsindən dərhal çıxarılması tələb olunacaq. Və bununla da, Azərbaycan ərazisində 30 illik erməni separatizmi və terrorizminə son veriləcək.
Göründüyü kimi, rəsmi Bakı Xankəndi əməliyyatına başlamaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi prosesində sonuncu mərhələyə start verib. Rəsmi Bakı beynəlxalq hüquq normaları çərçivəsində hərəkət etməkdə qərarlıdır. Və belə vəziyyətdə Azərbaycanın siyasi iradəsinə qarşı heç kimin hər hansı müdaxilə imkanları da mövcud deyil.(Yeni Müsavat)