Mən əmin deyiləm ki, ilin sonunadək sülh sazişinin yekun variantı üzərində razılığa gəlmək mümkün olsun.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla sülh və münasibətlərin nizamlanması üzrə danışıqlar fəal mərhələdədir:
“Bir sənəd dövriyyədədir, indi Azərbaycan tərəfdən növbəti təkliflər almışıq, öz təkliflərimizlə çıxış edəcəyik. Təəssüf ki, bir çox məsələlərdə tərəflərin yanaşmaları hələ də bir-birindən çox uzaqdır, amma mövqelərin yaxınlaşması və ortaq məxrəc tapılması istiqamətində danışıqlar davam etdirilir”, - Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ilə hər hansı görüş planlaşdırılmır.
“Ancaq güman edirəm ki, ilin sonuna qədər bizim daha bir görüşümüz olacaq, biz bu görüşə hazırıq. Əmin deyiləm ki, ilin sonuna qədər sülh müqaviləsinin yekun variantına nail ola biləcəyik. Lakin niyyətimiz qüvvədə qalır, biz sülhə mümkün qədər tez nail olmaq üçün çalışırıq. İlin sonuna qədər nəticə verməsə də belə, danışıqlar davam etdiriləcək”, - erməni nazir bildirib.