Rusiya Dövlət Dumasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun koordinatorunun müavini, Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Dövlət Duması MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Laçın dəhlizində baş verən hadisələr haqqında fikirlərini tənqid edib.
Axar.az xəbər verir ki, D.Savelyev Zatulinə Rusiyanın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və vəziyyətə bu prizmadan baxılmalı olduğunu xatırladıb.
“Mövcud razılaşmalara baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayıb, bu da özlüyündə gərginliyə səbəb olur. Sülhməramlılarımız haqqında yayılan feyk xəbərlərə gəlincə, onlar açıq-aydın reallığa uyğun gəlmir. Sülhməramlıların Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əlaqəsi konstruktiv əsasda qurulur və gündəlik rejimdə həyata keçirilir”, - deputat vurğulayıb.
D.Savelyev qeyd edib ki, Rusiya sülhməramlıları bütün imzalanmış razılaşmaları yerinə yetirərək vəziyyətə nəzarət edirlər:
"Yaranan ictimai narazılıq isə tamamilə haqlıdır, çünki “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında faydalı qazıntıların hasilatı heç bir texnoloji tələblərə riayət edilmədən vəhşicəsinə həyata keçirilir, bu da mütəxəssislərin - ekoloqlar və ictimaiyyətin qanuni reaksiyasına səbəb olur. Odur ki, bütün bu faktları nəzərə alaraq vurğulamaq istəyirəm ki, mövcud gərginliyi azaltmayan, əksinə artıran bəyanatlara yol vermək və siyasi sferadan olan insanlara, üstəlik isə çox çətin anda Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan dövlətin ünvanına birbaşa ittihamlar irəli sürmək yolverilməzdir”.
D.Savelyevin fikrincə, bu cür bəyanatlar heç şübhəsiz, Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru atılan addımları dəstəkləmir:
“Mən ən mürəkkəb siyasi prosesə belə yanlış müdaxiləni yolverilməz hesab edirəm. Əminəm ki, bütün maraqlı tərəflər başa düşürlər ki, bu, yalnız Zatulinin şəxsi fikridir və heç bir halda ölkəmizin rəsmi mövqeyini ifadə etmir”.