Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlılarının mövqeyində müəyyən dəyişikliklər görülməkdədir.
Bu barədə “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir.
Lakin etirazçılar bundan istifadə etmək, irəli getmək fikrindən uzaqdırlar.
Bu, bir daha göstərir ki, bu aksiya dinc xarakterlidir. Məqsəd sülhməramlılarla qarşıdurmaya getmək deyil. Aksiyanın əsas məqsədi, Azərbaycanın suveren ərazisindəki yataqlarda monitorinqin aparılması üçün şərait yaradılmasına nail olmaqdır. Etirazçılar təbii sərvətlərimizin talanmasının, ekoloji çirklənmənin dayandırılmasını tələb edirlər.
***
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir.
Report xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiya iştirakçıları Azərbaycan Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Dekabrın 16-da, Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.