Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barəsində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.
Qeyd olunub ki, siyahının 3-cü və 8-ci hissələrində qeyd edilən məhdudiyyət və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər hissələrdə qeyd edilən məhdudiyyət və xüsusi tələblər isə birbaşa olmaqla Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq edilir.
Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlər və xüsusi tələblər aşağıdakılardır:
- öhdəlik daşıyan şəxslər tərəfindən gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin xüsusi tələblərini tətbiq etmək;
- öhdəlik daşıyan şəxslər tərəfindən maliyyə əməliyyatlarına dair hesabatı sistematik olaraq Maliyyə Monitorinqi Xidmətinə təqdim etmək;
- yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutlarının törəmə müəssisələrinin, filiallarının və ya nümayəndəliklərinin lisenziya verilməsindən imtina etmək və ya müvafiq maliyyə qrupunun (holdinqin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla həmin ölkənin (ərazinin) cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət sistemi ilə Azərbaycan Respublikasının qanunvericiliyi arasında ziddiyyət olduqda həmin maliyyə qrupuna münasibətdə sonuncunun tətbiqini təmin etmək;
- maliyyə institutlarının yüksək riskli zonada törəmə müəssisə, filial və ya nümayəndəlik yaratmasını qadağan etmək və ya müvafiq törəmə müəssisə, filial və ya nümayəndəliyin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkədən (ərazidən) olmasını nəzərə almaqla onlara münasibətdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş tədbirləri tətbiq etmək;
- öhdəlik daşıyan şəxslər tərəfindən yüksək riskli zona və yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə işgüzar münasibətləri və ya maliyyə əməliyyatlarını məhdudlaşdırmaq;
- öhdəlik daşıyan şəxslər tərəfindən müştərinin təqdimatı zamanı yüksək riskli zonanın öhdəlik daşıyan şəxsləri tərəfindən əldə edilmiş məlumata və sənədlərə güvənməmək;
- maliyyə institutlarının yüksək riskli zonada təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən maliyyə institutları ilə müxbir münasibətlərinə yenidən baxmaq, dəyişdirmək və ya xitam vermək; 8. yüksək riskli zonanın öhdəlik daşıyan şəxslərinin törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri üçün nəzarət tədbirlərini və (və ya) kənar audit tələblərini artırmaq;
- yüksək riskli zonada törəmə müəssisələri, filialları və ya nümayəndəlikləri olan maliyyə qruplarının kənar audit tələblərini artırmaq.