
Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin ötən ilin dekabrında Buxarestdə imzalanma mərasimində iştirakı Avropa İttifaqının layihədə ciddi şəkildə maraqlı olmasından xəbər verir. İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa edilən enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumlar imzalanıb. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışı bir neçə ay ərzində planlaşdırılır. 700 meqavatdan artıq günəş və külək enerjisini ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edəcəyik. Qalan güclərin yaradılması plandadır. Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi böyük təəssürat bağışlayır. Enerji təhlükəsizliyi məsələləri ilə bağlı olan bütün layihələr Birləşmiş Ştatlar tərəfindən dəstəklənib. Dünya Bankı Bakı-Tbilisi-Ceyhanın tikintisinə vəsaitin ayrılmasını bir il yubatdı, Birləşmiş Ştatlar bizə həmin çətinlikləri dəf etməkdə yardımçı oldu. Birləşmiş Ştatların Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanın planlarına verdiyi dəstək çox əhəmiyyətli oldu. Bizim Birləşmiş Ştatlarla çox dərin münasibətlərimiz var və xüsusən də indi. Heç kəs düşünməməlidir ki, 907-ci düzəliş və bəzi digər məsələlər münasibətlərimizə təsir edə bilər. Onlar xırda məsələlərdir. Təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə, o, “Dağlıq Qarabağı” tanımaq üçün “qətnamə” çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin “qətnamə”nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi “qətnamə”lər qədər olacaq. Lakin Menendez, Şif və ya Şerman kimi adamların olması münasibətlərimizə təsir etməməlidir.Azərbaycan və Pakistan əsl dost və qardaş ölkələrdir. Biz Pakistan xalqına, indiki və keçmiş hökumətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman göstərilən dəstəyə görə minnətdarıq. İstər işğal dövründə, istərsə də müharibə zamanı və ondan sonrakı dövrdə Pakistanın Prezidenti, Baş naziri və digər yüksəkrütbəli məmurları Azərbaycanı dəstəkləmişlər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Çünki Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xətti inşa edilsə, bu, beynəlxalq layihə olacaq. Ermənistan bu layihə qarşısında süni maneələr yaradacaqsa, onlar bundan yalnız uduzacaqlar;
Azərbaycan və Çin arasında əla münasibətlər var və görülən işlər həmin əməkdaşlığın inkişafı üçün zəmin yaradır. Orta Dəhliz layihəsi Azərbaycan tərəfindən tam dəstəklənir. Azərbaycan yalnız yük daşımaları üçün tranzit marşrutu olmamalıdır. Biz bu imkandan istifadə edərək, marşrut boyu biznes fəaliyyətini stimullaşdırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilər var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Təsadüfi deyil ki, təşkilatın yaradılması haqqında bəyannamə 10 ildən artıq bundan əvvəl Naxçıvanda qəbul edilib. Təşkilatın adının dəyişdirilməsi onun, sadəcə, necə adlandırılması məsələsi deyil. Burada mahiyyətdən söhbət gedir. Təşkilatı daha vacib beynəlxalq oyunçuya çevirə bilsək hər kəs bundan faydalanar. Təşkilat qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan 10-dan artıq dövlətdən enerji təchizatı ilə bağlı müraciət alıb. Müraciətlər təchizatın həcminin artırılması və ya təchizata başlamaq imkanları axtarılmasından ibarətdir. Əlbəttə, bunun üçün əlavə sərmayə lazımdır və bir sıra texniki məsələlər öz həllini tapmalıdır. Avropa İnvestisiya Bankı artıq təbii yanacaqla bağlı layihələri maliyyələşdirmir. Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra diplomatik addımlar atılır. Ümumilikdə, Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Anlaşma Memorandumuna əsasən, biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. 2021-ci ildə bizim Avropa bazarına təchizatımız təqribən 8 milyard kubmetr idi. Bu il isə bu rəqəm 12 milyard kubmetr olacaq. “Şahdəniz” yatağından əlavə qaz gözlənir. Təqribən dörd ildən sonra “Şahdəniz” yatağının yeni fazasından əlavə qaz hasil ediləcək. “Abşeron” yatağından qaz təchizatının başlanılması ehtimalı var. İlk mərhələdə “Abşeron”dan 1,5 milyard kubmetr əldə edəcəyik. “Azəri-Çıraq-Günəşli” yatağının böyük potensialı var, BP və SOCAR artıq o layihədə fəal çalışır. Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, “Ümid” və ”Babək” yataqlarının böyük potensialı var. “Qarabağ” neft yatağımız var və orada da potensial var. Qazın nəqli üçün imkanlar olmalıdır və TAP mütləq genişləndirilməlidir. Onun səhmlərinin 20 faizi Azərbaycana məxsusdur, bir şirkətdən başqa digərlərinin də payı 20 faizdir. Burada TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik. Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında əməkdaşlıq əlaqələrin qorunması olduqca vacib vəzifədir.