“Son proseslər göstərir ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesində geosiyasi rəqabətə giriblər”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Qərb və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesində son təşəbbüslərini şərh edərkən deyib.
O bildirib ki, dünyanın üç geosiyasi mərkəzi Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunmasından daha çox öz siyasi və iqtisadi maraqlarını güdür:
“Son dövrlərdə baş verən prosesləri diqqətlə nəzərdən keçirsək görərik ki, Rusiya, ABŞ və Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində aparıcı rolu öz üzərinə götürmək üçün bir-birilə geosiyasi rəqabətə giriblər.
Regionda öz maraqları uğurunda mübarizə aparan güc mərkəzləri arasında geosiyasi rəqabət Bakı və İrəvan arasında görüşlərin sayının artmasına səbəb olub. Bu, müsbət hal hesab oluna bilər, lakin onların geosiyasi rəqabəti görüşlərdə iki tərəf arasında həlledici nəticələrin əldə olunmasında bir çox problemlər yaradıb.
Bildiyimiz kimi, Rusiya Cənubi Qafqazı özünün təhlükəsizlik konsepsiyasına daxil olan region hesab edir. Moskva bu regionda digər güc mərkəzlərinin vasitəçiliyi ilə hər hansı həlledici qərarın qəbul olunmasına qısqanclıqla yanaşır. Kreml hər zaman istənilən güc mərkəzinin Qafqazla bağlı sülh təşəbbüslərinə müxtəlif vasitələrlə mane olmağa çalışıb. Eyni zamanda Avropa İttifaqı da kifayət qədər böyük enerji və nəqliyyat potensialına malik olan Cənubi Qafqazda söz sahibinə çevrilmək istəyir. Brüssel, həqiqətən bu regionda öz siyasi və iqtisadi nüfuzunu artırmağa çalışır.
Aİ-nın enerji təhlükəsizliyində Cənubi Qafqaz coğrafi cəhətdən xüsusi prioritetlərdən biri hesab olunur. Bununla yanaşı, Avropa İttifaqı regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üzərində geostrateji nüfuzunu artırmaqla Rusiyaya təsir göstərmək niyyətindədir. Həmçinin dünyanın hegemon ölkəsi hesab olunan ABŞ-ın da son dövrlər Cənubi Qafqazda siyasi proseslərdə aktivləşməsi müşahidə olunur”.
Onun sözlərinə görə, Vaşinqton, Brüssel və Moskvanın rəqabətyönlü siyasəti nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında bir çox problemlər yaranıb:
“Bütün hallarda bir daha vurğulamaq lazımdır ki, ABŞ, Avropa İttifaqı və Rusiya Cənubi Qafqazda uzunmüddətli münaqişləri həll etmək əvəzinə daha çox münaqişələr vasitəsilə regionda öz təsir imkanlarını artırmağa çalışırlar.
Bu da Azərbaycan-Ermənistan sülh prosesində əsaslı və həlledici qərarların qəbul edilməsinə ciddi manelər yaradır. Ermənistan bundan sui-istifadə edərək pozuculuq fəaliyyəti ilə məşğul olur. Belə ki, bir güc mərkəzinin təsiri altında konstruktiv razılaşma əldə olunur, lakin Ermənistan bu razılaşmadan bilərəkdən yayınmaq üçün digər güc mərkəzinə yaxınlaşır və ya onun diktəsi ilə hərəkət edir. İrəvan bu şəkildə sülh prosesini uzatmağa cəhd edir.
Hesab edirəm ki, Azərbaycan və Ermənistan sülh prosesi ilə bağlı danışıqları lokallaşdırmalıdırlar. Yəni, Bakı və İrəvan vasitəçilərin iştirakı olmadan və ya bir vasitəçinin iştirakı ilə bir-birilə danışıqlar aparmalıdırlar. Tərəflərarası birbaşa təmasların qurulması daha çox müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq”.
Sonda Elnur Kəlbizadə qeyd edib ki, ABŞ, Avropa və Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlarda qətiyyətli addımlar atacağı sual altındadır:
“İstər Rusiya, istərsə Avropa İttifaqı, istərsə də ABŞ-ın çətiri altında keçirilən görüşlər müəyyən nəticələrə səbəb ola bilər, amma indidən həlledici nəticənin olacağını proqnozlaşdırmaq qeyri-mümkündür”.