Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Qərbi azərbaycanlıların vətəndaşlıqlarının bərpası üçün ümid yaranır” adlı süjetdə Azərbaycan və Ermənistan rəsmiləri arasında görüşlərin Qərbi azərbaycanlıların zorla ləğv edilən vətəndaşlıqlarının bərpası üçün ümid yaratdığı. Ermənistan ictimaiyyəti, KİV və siyasi dairələrində Qərbi azərbaycanlıların repatriasiyası məsələsini dilə gətirməyə başladıqları vurğulanır.
Bildirilir ki, Bakı ilə İrəvan arasındakı danışıqlara Qərbi azərbaycanlılar nikbin yanaşdıqları halda, Azərbaycanın Xankəndi şəhərindəki separatçıların tör-töküntüləri yaranmış vəziyyət fonunda narahatlıq keçirirlər: “Onlar qondarma iddialarını müdafiə etməklə törətdikləri cinayətlərdən yayınmağa səy göstərirlər. Çünki Azərbaycanla Ermənistan arasında sülhün imzalanması tərəflər arasında problemli məsələlərin həlli deməkdir”.
Süjetdə bu il iyulun 25-də Brüssel sammitindən on gün sonra Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli formatda görüşə, həmin gün Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransında utanmazcasına “sovet Ermənistanını tərk etmiş azərbaycanlılar” ifadəsini işlətməsinə diqqət çəkib.
Paşinyan və onun kimi düşünənlərin diqqətinə çatdırılır ki, Qərbi Azərbaycan da daxil olmaqla bütövlükdə indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır: “1988-ci ildə və ondan sonra ermənilərlə sovet əsgərləri onları evlərindən qovub. Yəni 250 min Qərbi azərbaycanlı Ermənistan vətəndaşlığından zor və güc tətbiqi ilə məhrum edilib. Ermənilərin isə Azərbaycan Respublikası ərazisinə gəldikləri gün, ay və il bütün tarix kitablarında açıq-aydın yazılıb. İndiki və gələcək Ermənistan hakimiyyəti Azərbaycana minnətdar olmalıdır ki, rəsmi Bakı Qarabağdakı ermənilərə vətəndaşlıq verməkdən imtina etmir. Onlara Azərbaycan Konstitusiyası çərçivəsində bu hüququ tanımağa söz verir”.
Süjetdə Ermənstanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəsində yaranacaq anklavlarda “85-100 azərbaycanlının məskunlaşması ciddi problemdir” fikrinə də münasibət bildirilir.
Sonda qayıdış məsələsinin İrəvanda artıq etiraf olunduğu, azərbaycanlıların pozulmuş vətəndaşlıq hüquqlarının bərpasının həm də Ermənistanın bir dövlət kimi gələcəyinə təminat sayılacağı vurğulanır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.