"Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun genişmiqyaslı hərbi əməliyyatlara səbəb olmaması üçün addımlar atmalıyıq". Bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan deyib.
Sərkisyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi regionda sabitliyi pozmamaq, ümumi vəziyyətə hər hansı mənfi təsir göstərməmək üçün addımlar atır:
“Qoşunların toplanması ilə bağlı məlumat Müdafiə Nazirliyi tərəfindən də verilib. Lazımsız gərginliyin qarşısını almaq üçün rəsmi məlumatlara riayət etmək məsləhətdir, biz hər şeyi dərc edirik”.
Erməni nazir müavini Azərbaycanın sərhədə artilleriya vasitələri topladığını da iddia edib. Qeyd edək ki, Ermənistan qoşunları sərhədimizə yaxın ərazilərə yerləşdirilib.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, əlbəttə bu fikirlər birmənalı şəkildə yalandır. Ermənistan İran üzərindən ciddi formada silahlanır:
“Ermənistan tərəfindən Azərbyacanla şərti sərhədlərdə demək olar ki, hər gün təxribatlar törədilir. Eyni zamanda peyk görüntülərinin analizi də göstərir ki, hazırda Ermənistan sistematik şəkildə Azərbaycan əlehinə müharibəyə hazırlaşır və yaxud hazırlaşdırılır. Son dövrlər Paşinyanın sülh əlehinə verdiyi açıqlamalar, dünya liderlərini aldatmağa çalışması, həmçinin Azərbaycanın sülh çağırışlarını qulaq ardına vurması və sərhəd bölgələrdə səngərlərin qazılması Ermənistanın Azərbaycanla ölüm müharibəsinə hazırlaşdığının sübutudur”.
Politoloq vurğulayıb ki, Ermənistan, Fransa və İran başda olmaqla bir sıra xarici faktorların istəyi ilə Azərbaycan və qardaş ölkə Türkiyəyə qarşı sonuncu dəfə meydana atılıb:
“Normalda Ermənistan nəinki Azərbaycan, hər hansı kiçik dövlətlə belə müharibə aparacaq gücdə deyil. Hərhalda sülhlə bağlı çağırışlara cavab gəlməsə, bizim Qarabağa qayıdan sakinlərimizin təhlükəsizliyi üçün Ermənistanın təxribatlarına cavab verməyimiz vacibdir”.