Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Rusiya yenidən Qarabağa diqqəti artırıb. Xüsusən də xarici işlər naziri Sergey Lavrov və onun rəhbərlik etdiyi qurumun rəsmiləri bu haqda tez-tez danışmağa başlayıblar. Prezident Vladimir Putin məsələnin bitdiyini söyləsə də, Lavrov və yaxın ətrafı “münaqişəli durum”dan bəhs edirlər. Sizcə, Rusiya nə əldə etməyə çalışır?
- Rusiyadan verilən açıqlamalar ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib. Principcə, deyilən fikir həqiqətdir. Bəli, biz daxilimizdə olan separatizmlə bağlı məsələni çözdük, bu iş bitdi, qondarma qurum özünü buraxdı. Amma hələlik Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir və sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi imzalanmadığına görə, nəzəri baxımdan, münaqişənin bitmədiyini söyləmək üçün müəyyən əsaslar var. Düşünürəm ki, Rusiya tərəfi bu amili əsas götürərk, bu fikri səsləndirir.
- Lavrovun sözçüsü Mariya Zaxarova deyir ki, Qarabağdakı sülhməramlıların fəaliyyəti yeni şəraitə adaptasiya olunacaq və bu, Bakı ilə müzakirə edilir. Söhbət nə kimi “adaptasiya”dan gedir, Moskva sülhməramlılara hansı “status”u almağa çalışır?
- Bəli, erməni əhalisinin önəmli hissəsi bölgəni tərk etdiyindən Rusiya sülhməramlılarının bir çox məntəqələrdə və ərazilərdə postlarının qalmasına gərək qalmır. Artıq 10 belə post öz fəaliyyətini dayandırıb.
Sülhməramlıların bundan sonrakı fəaliyyəti və statusu məsələsinə gəlincə, düşünmürəm ki, onlara hansısa status veriləcək. Hələ 44 günlük müharibədən sonra Rusiya tərəfinin bununla bağlı istəkləri vardı. Azərbaycan bununla əlaqədar konkret addım atmadı, Rusiya sülhməramlılarına hansısa statusun verilməsinə müsbət yanaşmadı. Ermənistan dövriyyədən çıxdığına görə, bu məsələ Azərbaycan və Rusiya arasında müzakirə mövzusudur. Digər yandan, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ilin noyabrına qədərdir. Nəzəri baxımdan, həmin vaxtda qədər onların burada qalma imkanları var.
Bəs indi Rusiya sülhməramlılarının fəaliyyəti nədən ibarət ola bilər? Reinteqrasiya prosesi getdiyi müddətdə (düşünürəm ki, bu da uzun çəkməyəcək, 2024-cü ilin birinci rübündə bunu yekunlaşdırmaq mümkündür) Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac duyula bilər. Məsələn, polis, Daxili Qoşunlar və digər asayiş keşikçiləri ilə bu proses çərçivəsində fəaliyyət göstərə bilərlər. Mümkündür ki, reinteqrasiya prosesi başa çatdıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Bu çərçivə ətrafında müzakirə aparıla bilər.
- Baş nazir Nikol Paşinyan bildirib ki, Qarabağdan çıxarılacaq sülhməramlılar Ermənistana yox, Rusiyaya getsinlər. Paşinyanın bu mesajı nədən xəbər verir?
- Hərfi mənada baxsaq, Paşinyanın dediyi ondan ibarətdir ki, həmin qüvvələr bölgəyə Rusiyadan – Ulyanovsk vilayətindən gətirilib və onların Ermənistandakı 102-ci hərbi bazaya aidiyyəti yoxdur. Paşinyan bu kontekstdən çıxış edərək söyləyir ki, onların Ermənistana yox, Rusiyaya qayıtmaları doğrudur. Digər yandan, Paşinyan onu da bildirdi ki, rus hərbçiləri geri dönmək üçün Azərbaycan və Ermənistan marşrutlarından istifadə edə bilərlər. Mesajın sətraltı anlamına baxsaq, Paşinyan onu demək istəyir ki, İrəvan bundan sonrakı dövrdə Rusiya hərbçilərini Ermənistanda görmək istəmir. Ermənistanın bu istiqamətdəki fəaliyyətləri davam edir. Ermənistan Rusiyanın iştirak etdiyi formatlardan getdikcə imtina edir. Bu, ilk növbədə, özünü KTMT-nin bu il üçün nəzərdə tutulmuş təlimlərdən imtinada göstərdi. Üstəgəl, Ermənistan MDB xarici işlər nazirlərinin Bişkek toplantısından da imtina edib.
- Son zamanlarda Zəngəzura artan maraq da diqqətdən yayınmır. İran və Fransadan sonra Rusiyada da Qafanda konsulluq açacaq. Üstəgəl, Rusiya Zəngəzurdakı sərhədçilərinin və hərbçilərinin sayını da artırıb. Bütün bunlar dəhlizin açılmasına mane olmaq cəhdidir, ya gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizədir?
- Fransanın Qafanda konsulluq açması Cənubi Qafqazda gərginliyin davamına xidmət edən amildir. Paris hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər nə qədər gərgin olsa, erməni cəmiyyətində anti-Rusiya ovqatı yüksələcək, Fransaya simpatiya artacaq və regionda yerləşmək planı daha rahat reallaşacaq. Fransa bunun üzərindən hesab apararaq Ermənistana müəyyən şirnikləndirici vədlər verir, hərbi əməkdaşlıq və sair. O cümlədən bölgədə konsulluq açılması məsələsini gündəmə gətirir. Fransa bununla gələcəkdə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. “Bu kommunikasiya xətti Ermənistanın suveren hüquqları çərçivəsində fəaliyyət göstərməlidir” fikri də bundan qaynaqlanır. Bu çərçivədə gələcəkdə orada fransız qüvvələrini görə bilərik.
Rusiyaya gəlincə, o da bölgə uğrunda rəqabətdə geri qalmaq istəmir. Ermənilərlə iki əsrlik münasibətlər və Ermənistana təsir imkanlarını nəzərə alsaq, rusların Qafanda konsulluq açmasını anlamaq olar. Rusiyanın həmin bölgədə sərhəd qoşunları var. Digər yandan, Rusiya çalışır ki, Zəngəzur dəhlizi açılarkən, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəzarəti özü həyata keçirsin. Konsulluq da buna görə lazımdır. Rusiya şirkətləri Ermənistanın digər əraziləri ilə yanaşı, Zəngəzurda da mədən işləri ilə məşğuldur. Ruslar konsulluq məsələsini həm də bununla əsaslandırmağa çalışırlar.
Biz müxtəlif ölkələr arasında konsulluq açma yarışını görürük. Bu, həm də Ermənistana təsiri artırmaq üçün aparılan mübarizə kimi qiymətləndirilə bilər.
- Fransa “mülki təhlükəsizlik təlimi” adı altında Ermənistana 56 hərbçi göndərib. Sizcə, bu, Fransanın Ermənistanda hərbi cəhətdən yerləşməsi yönündə atılmış ilkin addım hesab edilə bilərmi?
- Fransanın addımları o ehtimalı yaradır ki, Afrika, Yaxın Şərq və Şərqi Aralıq dənizində itirdiyi mövqeləri Cənubi Qafqazda kompensasiya etmək istəyir. Ermənistanla Azərbaycan arasındakı münaqişəli durum Fransaya bu baxımdan münbit şərait yaradır. Fransa gərginliyi körükləməklə Ermənistanda ona olan ehtiyacı artırmağa çalışır ki, bunun üzərindən bölgədə yerləşsin.
Avropa Birliyinin Ermənistandakı mülki missiyasının əksər hissəsini Fransa jandarmı və kəşfiyyatçıları təşkil edir. Təlim üçün xilasedicilərin göndərilməsi də göstərir ki, Fransa bundan sonra da Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Bir vaxtdan sonra Ermənistanda müəyyən sayda Fransa hərbçisi görə bilərik.