Rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı missiyasını öz üzərinə götürməklə, hərbi baza yerləşdirməyi planlaşdığı bu ölkəni Fransanın Cənubi Qafqazdakı for-postunda çevirmək niyyətindədir... Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, rəsmi Paris bu niyyətinə heç bir bəhanə ilə çata bilməz, yəni, Fransanın özəl maraqları ucbatından regional sülh prosesi müvəqqəti də olsa, əngəlləndi...
Cənubi Qafqazda sülh prosesinin uğur qazanma ehtimalı kifayət qədər yüksəkdir. Hazırda 35 illik münaqişənin aradan qaldırılmış olması regional sülh prosesinə münbit şərait yaradıb. Əgər, beynəlxalq hüquq normaları çərçivəsində sülh danışıqları intensiv xarakter alarsa, bütün ziddiyyətlərin qısa müddətdə nizamlanması elə bir ciddi problem yaratmaz. Sadəcə, bunun üçün sülh danışıqlarında vasitəçilik missiyasına iddia edənlərin öz maraqlarını bir kənara buraxması əsas həlledici şərtə çevrilib.
Məsələ ondadır ki, "Qarabağ problemi" keçmiş SSRI-nin icad etdiyi "münaqişə ocağı" kimi peyda olmuşdu. Keçmiş SSRI-nin dağılması ərəfəsində Kreml Sovet İttifaqı məkanında belə milli-etnik münasibətlər törətməklə, bolşevik imperiyasının ömrünü uzada biləcəyinə ümid bəsləyirdi. Halbuki, bu taktikanın son nəticədə Kremlə qarşı əks effekt verdiyi də inkaredilməz reallıqdır. Çünki ABŞ və Qərb erməni separatizmini və terrorizmini təsir altına alaraq, keçmiş SSRI-nin dağılma prosesini sürətləndirməyə nail oldu.
Ancaq buna baxmayaraq, Rusiya sonrakı on illiklərdə milli-etnik münaqişələrdən postsovet dövlətlərini nəzarətdə saxlamaq üçün istifadə etməyə üstünlük verdi. Daha sonra isə erməni separatizmi və terrorizmi Rusiya üçün istifadə müddətini sona çatdırdı. Hətta zaman keçdikcə, Rusiyanın geopolitik maraqlarına real təhlükə törətməyə başladı. Xüsusilə də, "erməni faktoru"nun növbəti dəfə ABŞ və Qərbin maraqlarına uyğunlaşdırılması, Rusiyanın bir daha parçalanması məqsədilə istifadə edilməsi Kremli Ermənistana dəstəyi geri çəkmək məcburiyyətində buraxdı.
Nəticə isə artıq göz qabağındadır. Ermənistan və erməni separatizmi Rusiyanın dəstəyini itirməklə, güclənmiş Azərbaycan dövləti qarşısında təklənmiş oldu. ABŞ və Qərb isə "erməni faktoru"ndan istifadə etməklə kifayətləndi, Ermənistana Rusiyanın verdiyi qədər güclü dəstək göstərməyi bacarmadı. Rəsmi Bakı isə yaranmış uğurlu geopolitik situasiyanı məharətlə dəyərləndirdi.
Azərbaycan ordusu əvvəlcə Ermənistanı biabırçı məğlubiyyətə uğratdı, ardınca da yarımçıq qalmış işini tamamladı, yəni, erməni separatizmini və terrorizmini savaş meydanına "dəfn" etdi. Bununla da keçmiş SSRİ-nin icad etdiyi çoxsaylı milli-etnik münaqişələrdən biri həmişəlik sıradan çıxarıldı. Və bu səbəbdən də indi Ermənistanın Azərbaycan qarşısında hər hansı geopolitik iddia şansı qalmayıb.
Təbii ki, bu reallıq hazırda Cənubi Qafqazda sülh prosesinin önünün açılmasını iddia etməyə tamamilə əsas verir. Çünki danışıqlar masasında mübahisə doğuracaq, ziddiyyət yaradacaq heç bir ciddi səbəb qalmayıb. Azərbaycan əsas problemini həll edib, ərazi bütövlüyünün bərpasına nail olub. Ermənistan isə daha Azərbaycan ərazilərinə iddia edə biləcək durumdan çox-çox uzaqdır. Və rəsmi İrəvan əslində, mövcud geopolitik situasiya ilə böyük ölçüdə barışıb.
Belə anlaşılır ki, ən qısa zamanda, hətta bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi regional əngəl mövcud deyil. Rəsmi İrəvan da sülh sazişinin imzalanmasına hazır olduğunu dəfələrlə bəyan edib. Üstəlik, Cənubi Qafqazda hələ də öz təsirini qoruyub, saxlayan Rusiya belə, Azərbaycan-Ermənistan sülh sazişinə əngəl törədən əsas problemin artıq həll olunduğunu etiraf edir. Və hər iki ölkəni ən qısa zamanda yekun sülh sazişini imzalamağa çağırır.
Şübhəsiz ki, Kremlin bu mövqeyi olduqca pozitiv və yeni faktordur. Çünki 35 illik bir münaqişənin ssenari müəllifi ciddi şəkildə geri çəkilib və sülhə əngəl törətmək niyyəti olmadığı barədə prinsipial mesaj verməyə çalışır. Kreml bunu birmənalı şəkildə Rusiyanın özəl maraqlarına dayanaraq, edir. Çünki Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanarsa, Kreml Rusiya üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılacağına və bu marşruta birbaşa nəzarət edə biləcəyinə ümid bəsləyir.
Ancaq Cənubi Qafqazda sülh prosesinin uğuruna nə qədər geniş imkanlar açılmış olsa da, bu, o qədər də asan məsələ deyil. Çünki bu dəfə regional sülh prosesinə ABŞ və Qərb həvəsli görünmür. Əksinə, Fransa və rəsmi Parisin təsiri altında olan Avropa Birliyi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanma perspektivlərinə sərt müqavimət göstərməyə çalışır. Yəni, Qərb siyasi iradə mərkəzləri hazırda regional sülh prosesi qarşısında əsas əngəl rolunda çıxış edir.
Əsas paradoksal məqam da məhz buna bağlıdır. Belə ki, Cənubi Qafqazın əsas problem mənbəyi olan Rusiya sülh sazişinə çağırır. Ancaq dünyada "ədalət carçısı", sabitliyə və əmin-amanlığa dəstək verdiyini iddia edən Qərb danışıqlar prosesinə əngəl törətməyə cəhd göstərir. Yəqin ki, özəl maraqlardan qaynaqlanan bu kəskin ziddiyyətlər beynəlxalq "maskalar"ın düşdüyü məqamdır.
Onu da qeyd etmək lazımdır ki, Qərbin sülh prosesində iştirakını təmin edən sonuncu platforma - Brüssel prosesi də artıq dalana dirənmək üzrədir. Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel öz neytral vasitəçilik missiyasında sona qədər duruş gətirə bilmədi. Çünki Fransanın özəl maraqları Avropa Birliyinin neytral vasitəçilik "tamaşa"sına da üstün gəldi. Rəsmi Paris prezident Emmanuel Makronun qatıldığı Qranada görüşünün iflasa uğramasından sonra Fransanın qatılmadığı sülh prosesinə tolerantlıq göstərə bilmədi.
Bəzi məlumatlara görə, rəsmi Paris indi Brüssel prosesinin davam etdirilməsində qətiyyən maraqlı deyil. Əksinə, hazırda Fransa Cənubi Qafqazda sülh prosesinin uzadılması ilə əlavə vaxt qazanmağa can atır. Üstəlik, bunu yekun sülh sazişinin imzalanmasında indi ən maraqlı tərəfə çevrilən Ermənistanın mənafelərini təhlükəyə atmaqla edir. Və bu, rəsmi Paris üçün Ermənistanın ən yaxşı halda, sadəcə, "geopolitik alət" olduğunu növbəti dəfə təsdiqləyir.
Məsələ ondadır ki, rəsmi Paris Ermənistanın yeganə beynəlxalq himayədarı rolunu öz üzərinə götürüb. Əsas məqsəd isə bu bəhanə altında Ermənistanı Fransanın Cənubi Qafqazdakı for-postunda çevirməkdən ibarətdir. Əvvəlcə Ermənistanı silahlandırmaq, ardıncasa, bu ölkənin ərazisində hərbi baza yerləşdirməklə, bu regiona giriş hüququ qazanmaq niyyəti güdülür.
Ancaq əgər, Brüssel prosesi davam edərsə və yekun sülh sazişi imzalanarsa, Fransa bu niyyətinə heç bir bəhanə ilə çata bilməz. Ona görə də, Fransanın özəl maraqları ucbatından Brüssel prosesi müvəqqəti də olsa, rəsmi Paris tərəfindən əngəlləndi. Fransa bununla yalnız Ermənistanın sülh şəraitində inkişaf şansını deyil, həm də Avropa Birliyinin vasitəçilik missiyasını da böyük risk altına atmış oldu.(Yeni Müsavat)