• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Ağ Ev vədindən qaçdı, Ukraynanı fəlakətə tərk etdi: ABŞ Rusiyaya qarşı yeni "silah"ını işə salır

  • 13.01.2024, 09:17,
  • Siyasət
  • Baxılıb: 34
Ağ Ev vədindən qaçdı, Ukraynanı fəlakətə tərk etdi: ABŞ Rusiyaya qarşı yeni "silah"ını işə salır


Ukrayna Rusiya qarşısında artıq təkbaşına, köməksiz buraxılmaq üzrədir, ABŞ hərbi dəstəyi dayandırıb, Avropa Birliyinə olan ümidlər isə uzaqgedən perspektiv vəd etmir... Ağ Evin Rusiyanın ballistik raket zərbələrini qınamaqla, Ukraynanı fəlakət ssenarisindən - dünya xəritəsindən silinmək təhlükəsindın xilas edə biləcəyinə isə yalnız sadəlövhlər inana bilər...
Ukrayna savaşı ətrafında yeni situasiya yaratmağa başlayıb. Belə ki, Ukrayna Rusiya qarşısında təkbaşına və dəstəksiz buraxılmaq üzrədir. Artıq bu proses yenicə start götürüb. Və əgər, rəsmi Kiyevə hərbi dəstəkdən tamamilə imtina olunarsa, bu, Ukrayna dövlətçiliyi üçün əsl fəlakət ssenarisinin işə salınması anlamı daşıyacaq.

Məsələ ondadır ki, Ağ Ev Ukraynaya ABŞ-ın hərbi dəstəyinin dayandırıldığını artıq rəsmən elan edib. ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bu barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. O, bildirib ki, ABŞ Konqresində Ukraynaya yardımlar üçün yeni maliyyələşmə razılığı verilməzsə, Ağ Ev rəsmi Kiyevə hərbi dəstək göstərə bilməyəcək: "ABŞ ayrılmış maliyyə vəsaitlərinin qalıqları çərçivəsində Ukraynaya sonuncu hərbi dəstək paketini artıq göndərib".

Ağ Ev rəsmisi onu da bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımları dayandırılsa da, Rusiya ordusunun hücum əməliyyatları məhz bu mərhələdə daha da güclənməyə başlayıb. Onun dediyinə görə, Rusiya ordusu Ukraynaya zərbə endirmək üçün hazırda əsasən Şimali Koreya istehsalı olan ballistik raketlərdən istifadə edir. Və Ağ Ev Kremli bu hücum əməliyyatlarına görə kəskin şəkildə qınayır.

Belə anlaşılır ki, Ukraynaya hərbi yardımları dayandıran ABŞ rəsmi Kiyevə yeni dəstək modeli icad etməyə başlayıb. Belə ki, Rusiya Ukraynaya ballistik raket zərbələri endirdikcə, Ağ Ev də Kremli kəskin şəkildə qınamaqla, rəsmi Kiyevə dəstək verməyə çalışacaq. Əlbəttə, savaş meydanında istənilən dəstək məqbuldur. Ancaq Rusiyanın raket zərbələrinə qarşı ABŞ-ın kəskin qınamaları Ukraynanın hərbi müdafiəsində effektiv rol oynaya bilməz. Ukraynanın hərbi texnika və silah-sursat təchizatına ehtiyacı var. Və ABŞ artıq bu ehtiyacların ödənməsi öhdəliklərindən geri çəkilib.

Halbuki, Rusiya Ukrayna ilə müharibəyə başlayarkən, Ağ Ev həmişə rəsmi Kiyevin arxasında olacağını bəyan etmişdi. Hətta Ağ Ev Ukraynanın Rusiya üzərində tam qələbəsinə və öz ərazi bütövlüyünü təmin etməsinə qədər ABŞ-ın hərbi dəstəyini davam etdirəcəyi barədə birmənalı vəd də vermişdi. Və rəsmi Kiyev ilə yanaşı, bütün dünya ABŞ-ın bu vədlərini hələ də unutmayıb, xatırlayır.

Ancaq deyəsən, yalnız Ağ Evdə ABŞ-ın həmin vədləri artıq unudulub. Hər halda, ABŞ daha Ukraynaya hərbi dəstək göstərməyəcək, silah-sursat göndərməyəcək. Bayden adminstrasiyasının tutarlı bəhanəsi də mövcuddur. Bayden adminstrasiyası vurğulayır ki, ABŞ Konqresi yeni hərbi yardım paketi üçün maliyyə vəsaiti ayrılmasına imkan vermirmiş.

Yəni, Ukraynanı Rusiya ilə "savaş bataqlığı" salan Bayden adminstrasiyası indi hərbi yardım vədlərindən imtina edir və bütün günahı da ABŞ Konqresini işarə etməklə, əslində, respublikaçıların üzərinə atmağa çalışır. Halbuki, Ukrayna kimi önəmli bir dövləti Rusiya ilə savaşa sürükləyətkən, Bayden adminstrasiyası bütün neqativ ehtimalları, eləcə də, respublikaçılar faktorunu da mütləq nəzərə almağa borcu idi.

Rəsmi Kiyev isə Ukraynanın Rusiya qarşısında təkbaşına buraxılmasından çaşqınlıq keçirtdiyini qətiyyən göstərmir. Hər halda, Ukraynanın hərbi-siyasi rəhbərliyi ABŞ-ın vədlərinə aldanmış olsa da, mövcud vəziyyətin mümkün nəticələrini anlamayacaq qədər də sadəlövh deyil. Sadəcə, rəsmi Kiyev də ABŞ və Qərbin nə qədər etibarsız bir hərbi-siyasi tərəfdaş olduğunu Rusiya ilə savaş təhlükəsi ortaya çıxarkən, nəzərə almağa borcluydu.

Ona görə də, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Qərbin resursların çatışmazlığı əsas gətirilməklə, hərbi dəstəyinin kəsiləcəyi təqdirdə, Rusiyanın qalib gələcəyini qabartmasının indiki situasiyada heç bir faydası yoxdur. Bu reallığın gündəmə gətirilməsi və yaxud nəzərə alınması üçün artıq çox gecdir. Çünki bu, artıq inkaredilməz, həm də qaçılmaz bir reallıqdır. ABŞ, daha dəqiq desək, Bayden adminstrasiyası Ukraynanı öz siyasi maraqları ucbatından taleyin ümidinə buraxmaq qərarı verib.

Belə anlaşılır ki, ABŞ-ın öz vədlərindən imtina edib, öhdəliklərindən qaçdığı bir situasiyada rəsmi Kiyev üçün Avropa Birliyi yeganə ümid yeri rolunu oynayacaq. Çünki Ukraynanın məğlubiyyəti Avropa qitəsini Rusiyanın yeni hərbi-siyasi hədəfinə çevirə biləcəyindən bu qurum ABŞ-ın da öhdəliklərini öz üzərinə götürmək məcburiyyətində qala bilər. Halbuki, Avropa Birliyinin öz öhdəliklərinin yetirilməsində belə, kifayət qədər ciddi problemlər mövcuddur.

Məsələ ondadır ki, Avropa Birliyinin Ukraynaya 50 milyard avro maliyyə vəsaiti ayrılması barədə qərar bu qurumun üzvü Macarıstan tərəfindən veto edilib. Rəsmi Budapeşt bu vəsaitin birdəfəlik paket halında deyil, məhz bir neçə ilə bölüşdürülməklə, ayrılmasında israrlıdır. Üstünlük, bəzi Avropa Birliyi ölkələri də qeyri-rəsmi şəraitdə Macarıstanın mövqeyini dəstəklədiklərini qətiyyən gizlətmirlər. Və bunun Ukrayna savaşında situasiya neqativ istiqamətlər alacağı təqdirdə, Avropa Birliyinə Rusiya ilə "siyasi bazarlıq" predmeti kimi önəmli manevr imkanları aça biləcəyinə eyham vururlar.

Belə anlaşılır ki, Avropa Birliyinin Ukraynaya dəstəyi də böyük ümidlər üçün ciddi əsaslar vermir. Əksinə, ABŞ Ukraynaya dəstək prosesini tamamilə Avropa Birliyinin üzərinə yükləməyə çalışsa da, bu qurumun daxilində də müəyyən çatlar yaranmağa başlayıb. Yəni, ABŞ kimi, Avropa Birliyi də ən çətin və taleyüklü məqamda Ukraynaya dəstəkdən birmənalı şəkildə imtina edə bilər.

Bu baxımdan, Ukraynanın Rusiya qarşısında artıq təkbaşına, köməksiz buraxılmaq üzrə olduğu qətiyyən şübhə doğurmur. Hər halda, ABŞ hərbi yardımları tamamilə dayandırıb, bunun əvəzinə rəsmi Kiyevi sadəcə, yeni icad etdiyi "silah"la dəstəkləyir. Halbuki, Ağ Evin Rusiyanın ballistik raket zərbələrini qınamaqla, Ukraynanı fəlakət ssenarisindən - yaxın gələcəkdə dünya xəritəsindən silinmək təhlükəsindın xilas edə biləcəyinə yalnız sadəlövhlər inana bilər.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 020
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 708
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter