Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fəzail müəllim, Azərbaycanın Şimal və Cənub qonşularının aktiv şəkildə hərbi münaqişələrdə yer alması fərqli situasiyalar yaradır. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir? Cənubi Qafqazın yenidən qarşıdurma ocağına çəkilməsi ehtimallarını necə dəyərləndirirsiniz?
- Bölgədə artıq kritik vəziyyət yaranıb. Rusiya uzun müddətdir ki, Ukrayna ilə müharibə vəziyyətindədir. Bu müharibənin necə və nə vaxt bitəcəyi ilə bağlı proqnoz vermək çətindir. Belə bir bir durumda İsrail-Həmas qarşıdurmasında cənub qonşumuz İranın da yer alması fərqli mənzərə yaradıb. Tehran əvvəlcədən də bu prosesin içərisində idi. İran özünün proksi qüvvələri olan Həmas, Hizbullahla yanaşı Yəməndən, İraqdan, Suriyadakı hərbi qüvvələri vasitəsi ilə İsrailə qarşı müharibə aparmaqdadır. Buna adekvat olaraq İsrailin atdığı addımlar, Dəməşqdə İran konsulluğunun vurulması proseslərə bir qədər də aydınlıq gətirdi. Beləliklə, İran buna qarşı addım atmalı oldu.
- İranın bu addımının genişmiqyaslı qarşıdurmalar üçün əsas yaradacağı nə dərəcədə real görünür?
- Tehran imitasiya xatirinə bu addımı atdı. Əslində İsrailə hər hansı zərbə endirmək deyil, sadəcə olaraq Dəməşqdəki hadisələrə görə cavab görüntüsü yaratmaq məqsədi var idi. İran bu addımı ilə öz nüfuzuna ciddi ziyan vurdu. İsrail və müttəfiqlərinin Tehrana qarşı qətiyyətini İran bir daha görmüş oldu. Çoxlu sayda göndərilən pilotsuz uçuş aparatları, ballistik raketlər belə hədəfə çatmadı. Bu, əslində İsrail və onun müttəfiqləri üçün test idi. İsrail daha geniş hücumlara məruz qalarsa, müttəfiqlərinin iştirakı ilə bunun qarşısının alınması faktı öz təsdiqini tapdı.
- İsrailin İrana qarşı əks hücumları hansı müstəvidə baş verə bilər?
- Bu bir reallıqdır ki, İsrail və onun müttəfiqlərinin İrana qarşı hücumları ağır nəticələrə səbəb ola bilər. Tehran təbii ki, bunun fərqindədir. Ona görə də, İran açıq şəkildə İsraillə müharibəyə girməkdən qorxur. Bu, İsrailin gücü və müttəfiqlərinin olması ilə bağlı deyil. İran daxilində indiki rejimdən xalqın narazılığının yeni mərhələsinin başlanması üçün əsas yarana bilər. Bu da İran molla rejimin tamamilə çökməsinə, fərqli bir situasiyanın yaranmasına gətirib çıxarar. Beləliklə, İranın parçalanması fonunda burada müstəqil dövlətlərin yaranması mümkün olar. Bunu İranın hərbi-siyasi rəhbərliyi dərk etdiyi üçün İsraillə açıq şəkildə müharibəyə girməyəcək. Amma görünən odur ki, İsrail başlamış olduğu işi başa çatdırmaq niyyətindədir. Tələviv planı yarımçıq qoymaq istəyində deyil. Bu həm də İsrail üçün şansdır ki, nəhayət onu illər boyu təhdid edən İran və onun ətrafındakı qüvvələri tamamilə sıradan çıxartsın.
- Azərbaycanın bu proseslərə yanaşması necədir? Bakı bölgədə sülhün, sabitliyin qorunması üçün daha hansı addımları atmaq niyyətindədir?
- Bu proseslərin təsiri bölgədə gərginliyin yaranmasına xidmət edir. Azərbaycan məhz bu səbəbdən xarici siyasətində doğru bir istiqamət götürüb. Xarici İşlər nazirliyi səviyyəsində verilmiş olan bəyanat İranı və İsraili təmkinli olmağa, regionda dislokasiyanın genişlənməsinə imkan verməyəməyə çağırması Azərbaycanın bölgədə sülhün, təhlükəsizliyin yaranmasında son dərəcədə məsuliyyətli bir dövlət kimi yanaşmasının ifadəsi oldu. Sözsüz ki, cür siyasət davam etdirilməlidir. Neytral mövqe qorunub-saxlanılmalıdır. Başlıca diqqət Ermənistanla münasibətlərin normallaşmasına, onun təxribatlarının qarşısının alınmasına yönəlməlidir. Ermənistanın yaranmış fürsətdən istifadə edərək, Azərbaycana qarşı hər hansı hərbi xarakter daşıyan addımının qarşısı qətiyyətlə alınmalıdır. Xüsusi olaraq hələ də, işğalda qalan 8 kəndin azad edilməsinə diqqət yetirilməlidir.