Ermənistanda Paşinyan hakimiyyətinə müxalif daxili və xarici güclər, həmçinin bölgədə sülhü istəməyən qüvvələr onu devirmək üçün son illərdə ən müxtəlif klassik taktikalara əl atsa da, nəticədə uğursuzluğa düçar olublar. Nəhayətində Paşinyanın rəqibləri onun öz silahından istifadə etməklə devirmək qərarına gəliblər. Onlar bu taktikanı seçməklə Paşinyan hərəkətlərini təkrar edə bilən tamamilə yeni fiqur da ortaya çıxarıblar. Bu fiqur həm də ermənilərin son inam yeri olan erməni kilsəsinin təmsilçisi keşiş Baqrat Srbazandır. Əgər diqqət yetirsək o zaman keşiş Srbazanın liderliyi altında başlanan prosesdə tamamilə 2018-ci ilin yaz aylarındakı aksiyaların təkrarını görərik. Yəni keşiş Srbazanın aksiyadakı taktikasına, davranışına, danışığına, kütləyə xitabına, tərzinə nəzər yetirsək eynilə 6 il əvvəlki Paşinyanı xatırladır: Srbazan kimi küçə-küçə, qapı-qapı dolaşırdı, hərəkəti iflic etmək üçün avtomobillər və digər texnikalarla yolları bağlayırdı. Bölgələrdə müxtəlif formalarda etiraz yürüşləri, aksiyalar keçirilirdi. İndi sadəcə rolların ifaçılarının yerlərini dəyişdiyini görürük. Burada əvvəlkindən fərqli olaraq irəli sürülən fiqur erməni kilsəsinin təmsilçisidir.
Aksiyanın vüsət almasında qaranlıq məqamlar...
Bəs arxa planda olan və Paşinyan hakimiyyətini devrirməkdə maraqlı olan kimlərdir?
Birincisi, daxildəki revanşist qüvvələr olan "Qarabağ klanı"nın liderləri Robert Köçəryan, Serj Sarqsyan, Paşinyana düşmən erməni kəsilsəsi və digər siyasi güclərdir.
Qeyd edək ki, Robert Köçəryanla Serj Sarqsyan artıq bir müüddətdir Avropadadırlar. Onların hər ikisinin müalicə adı alında Almaniyada olduğu bildirilir. Bu aksiyanın arxa planında duran əsas fiqurların ölkə xaricində olduğu bildirilir. Hadisələrdən bir az əvvəl onların xaricə müalicə üçün getmələrini təsadüfi hesab etmək yanlış olar. Bu daha çox xarici güclərlə daxili qüvvələrin daha rahat formada hakimiyyət çevrilişini detallarınadək birgə müzakirə etməyə, rolları bölüşməyə, aksiyada kütləviliyin təmin edilməsi, maliyyələşdirilməsi, həmçinin lazım gəldikdə proseslərin onlara bağlı olmaması barədə fikir formalaşdırmağa imkan yaradır.
İkincisi, Rusiya və İran Cənubi Qafqazda nəzərəti qoruyub saxlamağa çalışır. Ona görə də Moskva və Tehran yaranmış fürsətdən faydalanaraq bütün resurslarından - siyasi, iqtisadi, hərbi, elm sahəsində, dövlət struktrunda, o cümlədən media və vətəndaş cəmiyyətindəki gücündən istifadə etməklə Paşinyan hakimiyyətini devirməyə çalışır. Hansı ki biz bu gün bunu müşahidə etməkdəyik. Əgər bu da alınmazsa, Paşinyanı yürütdüyü xarici siyasi kursdan çəkindirmək variant işə düşəcək.
Üçüncüsü, bölgədə sülhü istəməyən, həmçinin anti-Azərbaycan və anti-Türkiyə güclərdir. Bura həm də xaricdəki bəzi erməni diaspor təşkilatları daxildir. Onlar da öz maraqları naminə aksiyaya dəstək verirlər.
Niyə məhz indi...
Bir çoxlarını maraqlandıran suallardan biri də ondan ibarətdir ki, nə gözlənilir və niyə məhz indi...
ABŞ-də növbəti prezident seçkiləri yaxınlaşdığından Ağ Evin diqqəti daha çox daxili proseslərə yönlədiyindən Ermənistandakı daxili və xarici güclər bundan maksimum faydalanmağa çalışır. Yaxşı bilirlər ki, İrəvanda ABŞ-nin yetərincə qüvvəsi olsa da, Ağ Ev Ermənistanda vəziyyət gərginləşdikdə və təhlükəli məcraya yönəldikdə lazımi effektiv adekvat reaksiyanı verə bilməyəcək. O baxımdan da ilk günlərdən fərqli olaraq və Paşinyanın Moskva görüşündən sonra aksiya yeni bir mərhələyə qədəm qoyub.
Bəs nə gözlənilir?
Məqsəd Paşinyan hakimiyyətini devirmək olsa da, əsas məsələ kimin hakimiyyəti ələ almasıdır. Aksiyanın episentri İrəvana köçdükdən sonra siyasi qüvvələri və iştirakçıları ən ciddi maraqlandıran sual da budur. Bu səbəbdən də müxalif qüvvələr daxilində hakimiyyət uğrunda daxili çəkişmə yenidən qızışmağa başlayıb. Onlar bunu medianın əli ilə gündəmə gətirməkdədirlər.
Hətta aksiyaya liderlik edən Baqrat Srbazan əvvəlcə məqsədinin yalnız Paşinyan hakimiyyətindən xilas olmağı bəyan etsə də, sonradan baş nazir postuna iddialı olduğunu açıqca dilə gətirməkdədir. İddiasını ortaya qoyan Srbazan "kilsə xeyri-dua verərsə", "xalq tələb edərsə" kimi ifadələr işlədib. Hətta keşiş Srbazan mayın 12-də aksiyada bəyan edib ki, baş nazir postuna namizəd heç bir qüvvənin təmsilçisi olmamalıdır. O bununla həm bir daha öz iddiasını ortaya qoyur, digər tərəfdən də aksiyada kütləviliyi təmin etməyə çalışır. Yaxşı bilirlər ki, indiki məqamda hansısa şəxsin adı çəkilərsə, aksiya istənilən nəticəni verməyəcək və əvvəlki kimi tez bir zamanda səngiyəcək.
İndi bütün qüvvələrin əsas hədəfi aksiyanın kütləviliyini təmin etməkdir və lazımi məqamda iddialının adını açıqlamaqdır.
Əgər aksiya hədəflərə nail olarsa və baş nazir məsələsində ümumi razılıq olmasa, tərəflər ilkin olaraq hakimiyyət dəyişikliyinə nail olub keçid hökumətini formalaşdırmaq, yeni seçkilərin keçirilməsini üçün Srbazanın namizədliyi ilə razılaşa bilərlər. Srbazanın liderliyi altında siyasi qüvvələrdən və cəmiyyətdə nüfuzu olan şəxslərdən ibarət müvəqqəti keçid hökuməti də formalaşdırıla bilər. Mövcud vəziyyətdə bu daha çox real görünür. Bundan sonra yeni seçkilər keçirilə və yeni hökumət formalaşa bilər.
Hətta ola bilsin ki, müxalifət növbəti mərhələdə hərbçilərin də dəstəyindən istifadə etsin. Müxalifətdə əminlik olarsa, güc taktikasından da istifadə istisna deyil. Bu müxalifətin son şansıdır və istəyinə nail olmaq üçün bütün variantlara əl atması da gözləniləndir. Uğurlu olub-olmayacağı başqa məsələdir. Çünki hakimiyyət və Ermənistanda marağı olan Qərb ölkələri prosesləri sakitcə izləməyəcək. Onlar da Paşinyan hakimiyyətinin devrilməməsi üçün adekvat addımlar atacaq.
Amma ən maraqlı məqam isə Paşinyanın son günlərdə prosesi sakitcə izləməsidir.
İlk günlərdə Paşinyan aksiya ilə mövqeyini açıqlayaraq konkret olaraq xarici qüvvə kimi Rusiyanı, daxildə isə Robert Köçəryanla, Serj Sarqsyanı ittiham etsə də, mayın 8-də Kremldəki görüşündən sonra tam sakitçilik hökm sürməkdədir. Ümumiyyətlə, Paşinyanın mayın 8-də Kremldəki görüşünün nəticələri barədə liderlərin birgə açıqlamasının olmaması, sadəcə çox məhdud formada açıqlama verilməsi ciddi məqamlardan xəbər verir. Bu isə onu deməyə əsas verir ki, görüşdə müzakirələr çox gərgin keçib və tərəflər arasında ciddi fikir ayrılığı olub. Hətta Paşinyanın timsalında Ermənistana hədələrin olması da istisna deyil. Çünki aksiya Paşinyanın Kremldəki görüşündən sonra yeni bir mərhələyə qədəm qoyaraq geniş vüsət almağa başladı.
Paşinyanın da sakitcə hakimiyyətdən gedişini düşünmək sadəlöhvlük olardı. Proseslərin təhlükəli hal alması, qarşıdurmanın baş verməsi də istisna deyil.