“Rusiyanın Qarabağı Azərbaycana təslim etməsi ilə bağlı ittihamlar yalandır. Eyni zamanda, Moskvanın Cənubi Qafqaz siyasətində hər şey düzgün deyildi”.
Bunu rusiyalı deputat, Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib. Siyasətçinin fikrincə, Rusiya Qarabağ məsələsində çox çətin vəziyyətə düşüb:
“Tərəflərin və ilk növbədə Ermənistan tərəfinin xahişi ilə öz sülhməramlılarını Qarabağa daxil edərək, sonradan bu sülhməramlıların fəaliyyət göstərməsinə imkan verən mandat almayıb. Bundan əlavə, 2022-ci ildə Ermənistanın Baş naziri Praqa bəyanatında Qarabağı Azərbaycanın bir hissəsi kimi açıq şəkildə tanıyıb. Siz təkcə sülhməramlı missiyanın deyil, həm də Rusiyanın Qafqazda ümumi kursunun həyata keçirilməsində hər hansı çatışmazlıqlar tapa bilərsiniz. Mən bunu tərəddüd etmədən özüm edirəm. Amma hər halda, Rusiyanın Qarabağdan “əl çəkdiyini” söyləmək Rusiyaya qarşı hücumdur, yalandır”.
Deputatın fikrincə, Rusiya Dağlıq Qarabağın müəyyən şərtlər daxilində müstəqillik olmasa, heç olmasa, ermənilərə imkan verəcək statusu saxlamasında, ermənilərin orada yaşamasında maraqlı idi.
Maraqlıdır, Rusiya erməniləri Qarabağa qaytarmaq ücün hansısa təzyiq mexanizmini yenidən işə salmağa cəhd edə bilərmi? Yoxsa bu, artıq ona lazım deyil?
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebhe.info”-ya şərhində qeyd edib ki, Azərbaycan Qarabağ məsələsini tarixin dərinliyinə gömüb:
“Həm Rusiya, həm də Qərb üçün Qarabağ məsələsi artıq bitib. Azərbaycan dövləti və onun ordusu bu məsələni kökündən həll edib. Ola bilər ki, Qərbdə bəzi dairələr bu məsələnin yenidən gündəmə gəlməsi üçün müəyyən cəhdlər etsinlər. Yəni Azərbaycana qarşı siyasi manipulyasiyalar üzərindən təzyiqlər göstərə bilər. Amma onlar nə qədər cəhd göstərsələr də, heç nəyə nail ola bilməyəcəklər. Qərbin bütün addımları fiaskoya uğrayacaq. Rusiyaya gəlincə, Moskvanın da belə bir imkanları yoxdur. Ona görə ki, son üç-dörd ildə Kreml Azərbaycana təzyiq etmək imkanlarını itirib. Eyni zamanda, Moskva Azərbaycanın regionda siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli dövlətə çevrildiyini nəzərə alır. Ən əsası isə Qarabağ məsələsi Rusiyanın xarici siyasət gündəliyindən çıxıb”.
Onun sözlərinə görə, bütün bunlarla yanaşı, Rusiya bütün diqqətini Ukraynda davam edən müharibəyə yönəldib və bu müharibə ucbatının onun təsir gücü zəifləyib. Ekspert, həmçinin vurğulayıb ki, hazırda Qarabağ Rusiya rəhbərliyini maraqlandırmır:
“Moskva üçün ən əsas məsələ Cənubi Qafqaz üzərindən Yaxın Şərqə və Şimali Afrikaya doğru uzanan nəqliyyat marşrutları əldə etməkdir. Azərbaycan Rusiya üçün bütün imkanları təmin edir. Buna görə də Moskva Azərbaycana ehtiyac duyur. Artıq bu məsələ barədə Azərbaycanla Rusiya arasında ciddi anlaşmalar əldə olunub. Bu baxımdan, Moskva Qarabağdan gedən ermənilərə görə Azərbaycanla münasibətləri korlamaz”.