Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov - Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən suveren dövlət kimi tanınır. Yəni bir sıra ölkələrdən fərqli olaraq dövlət müstəqilliyimiz kağız üzərində deyil, əməldə - siyasətdə, istənilən qərarın qəbulunda və icrasında özünü göstərir. Azərbaycanın müstəqillik zirvəsinə yüksəlməsi isə lider – şəxsiyyət amili, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin müstəsna-tarixi xidmətləri sayəsində mümkün olmuşdur.
Qayıdışdan Qurtuluşa –tərəqqi yolunun başlanğıcıYaxşı xatırlayırıq – müstəqilliyin ilk illərində Azərbaycanın da suverenliyi kağız üzərində idi. Respublikamız dünyada müstəqil siyasət həyata keçirən, tərəfdaş ölkə kimi tanınmırdı, regional və beynəlxalq proseslərdən kənarda qalmışdı. Həmin dövrdə hakimiyyəti qəsb etmiş AXC-Müsavat cütlüyü Azərbaycanı, sözün əsl mənasında, ayrı-ayrı xarici qüvvələrin “döyüş meydanı”na çevirmiş, ölkədə xaos və anarxiya idarəolunmaz həddə çatmışdı. Belə şəraitdə separatizm meyilləri də baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi.
Azərbaycanın vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olduğu situasiyada xalqımız Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər.
1993-cü il iyunun 9-da isə Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıtması, ölkənin xaos, vətəndaş qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edilməsi missiyasını həyata keçirməyə başlaması böyük tarixi əhəmiyyətə malik idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bundan sonra ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi daxil oldu.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub saxlamaq, əbədi etmək idi. Bu, Ümummilli Liderin qətiyyəti, iradəsi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı.
Heç şübhəsiz, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Bəhs olunan reallıqların məntiqi nəticəsi kimi, xalqımız 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyevə yüksək etimad göstərdi. Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsi milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən birini, bugünkü uğurlarımızın əsasını təşkil edir.
Ona olan ümidləri doğruldan böyük dövlət xadimi Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verilməsi, ordu quruculuğu prosesinə başlanması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, eləcə də münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması və digər strateji əhəmiyyətli addımların atılması Azərbaycanın tərəqqisinə xidmət edən mütərəqqi strateji inkişaf planının həyata keçirilməsinə imkan verdi. Paralel olaraq hüquqi, demokratik dövlət quruculuğuna istiqamətlənmiş tədbirlərin reallaşdırılması müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsinə xidmət etmiş oldu. Ölkədə ilk parlament seçkilərinin keçirilməsi, ümumxalq səsverməsi – referendum vasitəsilə Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatlarının aparılması, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar xüsusi qeyd edilməlidir. Bütün bunlar Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəliləməsini şərtləndirdi. Eyni zamanda, milli maraqlara əsaslanan, praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, müstəqil milli dövlət kimi dünya birliyinə uğurla inteqrasiya olunması Heydər Əliyevin müstəsna əhəmiyyətə malik olan tarixi xidmətləri sırasında xüsusi yer tutur. Bütün bunlara – əldə olunan nəticələrə, qazanılan nailiyyətlərə görə əminliklə qeyd edirik ki, Ümummilli Liderimiz Azərbaycanın real müstəqilliyini təmin edib.
Layiqli varisin alternativsiz siyasəti Azərbaycanı yeni zirvələrə aparırBu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edərək öz qüdrətini daha da artırır. Ulu Öndərin layiqli varisi və alternativsiz siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs nəticəsində Azərbaycan möhtəşəm nailiyyətlər qazanır, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə və qürurla dalğalanır.
Dövlət başçısının həyata keçirdiyi uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Bu strateji kurs Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Azərbaycan Ordusunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunması isə zəngin dövlətçilik tariximizin ən qürurlu səhifəsidir.
Zəfər yolu ilə Şuşa zirvəsinə - dostluq və qardaşlıq təntənəsi, strateji tərəfdaşlıq nümunəsiƏlbəttə, Heydər Əliyevin Qayıdışı və Onun adı ilə bağlı olan Milli Qurtuluşumuz olmasaydı, Azərbaycanın müstəqil dövlət kimi inkişafı da, torpaqlarımızın erməni vandalizmindən, hərbi-siyasi əsirlikdən qurtuluşu da, soydaşlarımızın öz əzəli yurdlarına qayıdışı – Böyük Qayıdış da mümkün olmayacaqdı. Ona görə də 15 iyun tarixi dövlətçilik təqvimimizdə əsl müstəqilliyimizin, xilasımızın, qurtuluşumuzun rəmzi kimi müstəsna yer tutur. 15 iyun, eyni zamanda, tərəqqi və Zəfər yolunun Şuşa zirvəsində möhtəşəm hadisənin – iki dost, qardaş və tərəfdaş ölkə - Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixidir.
1921-ci ildə imzalanmış Qars müqaviləsindən yüz il sonra belə bir Bəyannamənin imzalanması, heç şübhəsiz, böyük mənəvi-siyasi, hərbi-strateji və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.
Bu reallıqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, böyük öndər Mustafa Kamal Atatürkün isə “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının tarixi, milli və siyasi əsaslara söykəndiyini növbəti dəfə təsdiqləyir, iki müstəqil, güclü və nüfuzlu qardaş dövlətin birlikdə möhtəşəm nailiyyətlər qazanmaq, yeni zirvələr fəth etmək iqtidarında olduğunu sübuta yetirir.
Nəticə etibarilə, bu gün əminliklə və qətiyyətlə “müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” fikrini ifadə etməklə tarixi reallığın üzərinə işıq salmış oluruq. Bəli, Heydər Əliyevin zəngin dövlətçilik irsi, xüsusilə də Qurtuluş məfkurəsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Bu tükənməz sərvət gələcək nəsillər üçün zəngin xəzinə, istiqlal və tərəqqi yolu, müstəqillik zirvəsidir.