• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Məhsulun üzərində müştəriyə verilən mesajlar - ARAŞDIRMA

  • 31.10.2022, 10:20,
  • Sosial
  • Baxılıb: 45
Məhsulun üzərində müştəriyə verilən mesajlar - ARAŞDIRMA


Qida məhsulları ilə bağlı istehlakçılarda tez-tez belə sual yaranır: Görəsən, bu məhsul gigiyenik şəraitdə hazırlanıb? Bu suala cavabı, əslində, məhsulun üzərinə baxaraq da tapmaq mümkündür. Necə? Cavab verdiyi standartın işarəsi ilə. Ancaq bunu heç də çox adam bilmir. Çünki məhsulların üzərindəki standartların hansı məna kəsb etməsi ilə maraqlanan adam az olar. İstifadə etdiyimiz qidaların üzərindəki fərqli standartların nişanələrini görürük.

Bəs bu standartlar bizə nə deyir?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

INCERT Beynəlxalq Sertifikatlaşdırma Şirkətinin direktoru Şamo Muradov bildirib ki, hər ölkənin qida ilə bağlı qanunları və normativ texniki tələbləri var. Azərbaycanın standartları AZS nişanı ilə göstərilir.

Ş.Muradov qeyd edib ki, bu standart məhsulun həm keyfiyyəti, həm də təhlükəsizliyi ilə bağlı göstəriciləri özündə ehtiva edən normativ texniki sənəddir:

“Hər bir qida məhsulunun müvafiq təhlükəsizlik göstəriciləri var. AZS standartına görə məhsul bu göstəricilərə uyğun gəlməlidir. AZS standartına görə məhsula verilən sertifikat isə uyğunluq sertifikatı adlanır”.

Yerli məhsullarımızın üzərində daha çox AZS, QOST və TŞ görürük. Ş.Muradov deyir ki, “QOST” (Государственный стандарт) sovetlər birliyi zamanında yaradılmış və bu gün də bir çox standartları müəyyən aktuallaşdırma dəyişikliklərdən sonra öz qüvvəsini saxlamaqdadır.

Ölkəmizdə də əgər hər hansı məhsula tələbləri müəyyənləşdirən yerli standart olmadıqda, bu, dövlətlərarası razılaşmaya görə QOST-un tələblərinə uyğun həyata keçirilə bilər:

“Eyni zamanda, müəssisə öz məhsulu üçün spesifik olaraq TŞ (Texniki Şərt) də hazırlayıb və müvafiq qurumlardan təsdiqləmək yolu ilə istifadə edə və uyğunluq sertifikatı ala bilər”.

Bəzi məhsulların üzərində heç AZS və ya QOST nişanı da yoxdur.

Ş.Muradov bildirib ki, bu standartların alınması məcburi deyil:

“Əvvəllər yerli istehsal məhsullarının AZS standartına cavab verməsi tələb olunurdu, ildə bir dəfə uyğunluq sertifikatı tələb edilirdi. Artıq bunlar yığışdırılıb. Hazırda ölkəmizdə qida məhsullarının uyğunluq sertifikatını alması məcburi deyil, könüllüdür. Hər hansı müəssisə bu sertifikatın alınmasına özü qərar verir. Hazırda vacib olan “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər” sanitariya-epidemioloji qaydalar və normativlər”, 19 və 20 saylı qərarla təsdiq edilmiş tələblərə uyğunluğun təmin edilməsidir. Əsas odur ki, qida məhsulları təhlükəsizlik göstəricilərinə uyğun gəlsin. Təhlükəsizlik göstəricisi odur ki, insan həmin məhsulu istifadə edərkən sağlamlığına zərər gəlməsin. O məhsulun keyfiyyət göstəricisi aşağı da ola bilər, yuxarı da”.

Bəs aldığımız qida məhsullarının üzərində əsas hansı standartlara cavab verməsinə baxmalıyıq?

Ş.Muradov bildirib ki, kənd təsərrüfatı məhsullarında (emal edilməmiş) - alma, nar, fındıq və s. “Global Gap” və “Organic” standartına baxmaq lazımdır:

“Organic” standarta uyğun məhsul yetişdirilən zaman zərərvericilərə qarşı heç bir kimyəvi dərmanlardan, kimyəvi gübrələrdən istifadə olunmur. “Global Gap” isə istifadə edilən gübrə, pestisidlərin normativlərə uyğun istifadəsindən tutmuş həyata keçirilən fəaliyyətlərin qida təhlükəsizliyi, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması ilə bağlı müvafiq tələbləri təmin edən standartdır. Hər ikisi kənd təsərrüfatı üçün vacibdir. “Organic” standartına uyğun yetişdirilən meyvə və tərəvəzlər daha üstündür”.

Qida məhsulları ilə bağlı isə bir neçə önəmli beynəlxalq standart var:

“ISO 22 000, FSSC 22 000, IFS Food, BRC kimi standartlar daha çox məşhurdur. Ölkəmizdə daha çox ISO 22 000 və FSSC 22 000 standartları tətbiq edilir. Ən çox sertifikat alınan ISO 22 000-dir. FSSC 22 000-i Azərbaycanda cəmi 17 müəssisə alıb. IFS Food və BRC daha yüksək tələbləri özündə ehtiva edən standartdır. Azərbaycanda BRC-i iki qida müəssisəsi alıb”.

Beynəlxalq standartların bizə hansı mesajı verdiyinə gəlincə, Ş.Muradov qeyd edib:

“Məsələn, ISO 22 000, FSSC 22 000 və qeyd etdiyim digər standartlar deyir ki, məhsulun sadəcə müvafiq göstəricilərə cavab verməsi yetərli deyil. Məhsulun istehsalı üçün xammalın qəbulundan tutmuş, onun satışına kimi bütün fəaliyyətlərin müvafiq prosedurlara uyğunluğunun təmin edilməsi lazımdır. Yəni yalnız məhsula deyil, müəssisənin qida təhlükəsizliyi sisteminə tələblər qoyulur. Məhsulun üzərində beynəlxalq standartın olması müştəriyə deyir ki, onun təhlükəsizlik göstəriciləri uyğundur, istehsal mühiti, oradakı fəaliyyətlər müvafiq tələblərə cavab verir. Müəssisə var, içəri girəndə iyrənirsiniz. Deyirsiniz ki, burada hazırlanan məhsulu necə alıb qidalanmaq olar? Bir də var içəri girəndə görürsünüz ki, qaydalar tətbiq edilir, əldən tutmuş başa qədər müvafiq geyimlər var, gigiyenik baryerdən keçirlər. Məhsulun üzərində bu standartlar varsa, deməli, istehsal mühiti gigiyenikdir”.

“Ola bilər ki, ISO sertifikatı almayıb, amma məhsulu keyfiyyətlidir və təhlükəsizdir. Amma bunu müştəri bilmir. Bu standartlara uyğunluq müştəriyə bir güvən verir. Daha az riskli və təhlükəsiz qida almaq üçün bu standartlara uyğun olduğuna diqqət etmək lazımdır və əmin olduğumuz müəssisələrin məhsullarını almağımız tövsiyə olunur” – deyə Ş.Muradov qeyd etib.

Qida mühəndisi Sevinc Məhərrəmova isə bildirib ki, məhsulun tərkib hissələrinin genetik cəhətdən dəyişdirilməməsinə, yəni GMO (Genetik Modifikasiya edilmiş Orqanizmlər) olmadığına zəmanət verən standart isə NON-GMO-dur:

“Bu məsələ hazırda dünyada hər kəs üçün önəmlidir. Bununla bağlı sertifikat alınmalıdır”.

S.Məhərrəmova qeyd ki, “Halal” sertifikatı da məhsulların həqiqətən halal istehsal prosesindən keçdiyini göstərir:

“Halal sertifikatlaşdırma halal qaydalarına əməl edən qida, məhsul və xidmətlərə tətbiq edilən keyfiyyət təminatı prosesidir. Qida məhsulları ilə bağlı “Halal” deməklə iş olmur. Halal istehsal prosesi qurulmalıdır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 015
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 701
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter