Bu gündən etibarən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gündən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” qərara uyğun olaraq, ictimai iaşə obyektlərinin daxilində saat 00.00-dək xidmət göstərilməsinə icazə verilir.
Belə ki, ictimai iaşə obyektləri daxilində aşağıdakı hallara nəzərə alınmaqla xidmət göstəriləcək:
- Koronovirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
- İctimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;
- Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir;
- İctimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur;
- İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur;
- İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.