“Millət vəkili Vüqar Bayramov öz facebook hesabında paylaşdığı postda əlilliyin təyinatındakı çətinliklər, müraciətlərə imtinalar, o cümlədən Füzuli rayonu üzrə statistik məlumatlarda bir sıra yanlışlıqlara yol verib. Əslində, bu ilin 8 ayında Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə 217 şəxsə dair ümumilikdə 255 göndəriş (Forma 088) rəsmiləşdirilib. Onlardan 114-ü ilkin, 141-i isə təkrar göndərişlərdir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O, qeyd edib ki, bu göndərişlər əsasında 37 nəfərə əlillik dərəcəsi, 40 nəfərə isə sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb, 18 nəfərə aid göndərişlər isə qiymətləndirilmə prosesindədir: “160 göndəriş üzrə müxtəlif səbəblərdən imtina qərarı verilib. Belə ki, həmin göndərişlərdə, stasionar müalicə müddətlərinin azlığı, müayinələr və ağırlaşmaların arasında uyğunsuzluğun olması, xəstəlik barədə mütəxəssislərin rəyinin qeyd olunmaması, funksional pozğunluqlar barədə məlumatın göstərilməməsi, diaqnozu təsdiqləyən müayinələrin tam aparılmaması, xəstəliyin başlanma tarixi ilə müalicə tarixlərinin ziddiyyət təşkil etməsi, xəstəliyin xarakteri ilə ümumtəhsil müəssisəsində təhsil almaqla bağlı məlumatlarda uyğunsuzluğun olması və s. səbəblərdən əlillik təyinatı aparılmayıb”.
F. Talıbov, həmçinin qeyd edib ki, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə davamlı olaraq aparılan araşdırmalar nəticəsində indiyədək 6500-dən çox şəxsə aparılmış əsassız əlillik təyinatları ləğv edilib. Bu təyinatlar üzrə dövlət büdcəsinin illik qənaəti 30 milyon manata yaxındır. Uzunmüddətli dövr üzrə dövlət büdcəsinin qənaəti 700 milyon manatdan yuxarıdır.
“Bilinməlidir ki, ləğv edilən əlillik təyinatlarından 42 nəfərə dair göndərişlər məhz Füzuli RMX tərəfindən rəsmiləşdirilib. Belə ki, həmin şəxslərə rəsmiləşdirilən göndərişlərdə təqdim olunan məlumatların öz təsdiqini tapmaması, qeyd edilən diaqnozların şişirdilməsi, vətəndaşla bağlı digər elektron informasiya sistemlərində toplanan məlumatların ziddiyyət təşkil etməsi kimi faktlar müəyyənləşdirilib. Göndərişlərdə qeyd edilmiş məlumatların etibarlılığını ciddi sual atına qoyan bu kimi hallar Tibbi sosial ekspert komissiyalarını daha da diqqətli olmağa, eyni zamanda şübhəli, ziddiyyətli və tam təqdim olunmamış məlumatlar əsasında rəsmiləşdirilən göndərişlər barədə qərar verərkən daha ehtiyatlı olmağa vadar edir”, - deyə ƏƏSMN-nin şöbə müdiri bildirib.
F. Talıbov əlavə edib ki, bu kimi problemlərin aradan qaldırılması üçün göndərişin rəsmiləşdirilməsində əsas götürülən digər tibbi sənədlərin (epikriz, tibbi rəy və s.) elektronlaşdırılması zəruridir. Bu istiqamətdə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin gördüyü tədbirlər qısa müddətdə nəticə verəcək.
Xatırladaq ki, deputat Vüqar Bayramov ötən gün sosial şəbəkədə əlilliyin təyinatındakı çətinliklərlə bağlı ünvanlanan sorğuların ən çox edilən müraciətlər sırasında olduğunu, prosesin elektronlaşmasına baxmayaraq, müraciətlərin böyük əksəriyyətinə imtina cavabı verildiyini bildirmişdi.