“Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “YAP yaradılarkən onun qarşısında çox böyük tarixi və siyasi bir məsuliyyət dayanırd. Bu tarixi-siyasi məsuliyyətin böyüklüyünü partiya quruculuğu prosesində Ulu Öndər dərindən təhlil edərək onun möhkəmlənməsinin ideya-nəzəri əsaslarını müəyyənləşdirdi. YAP tez bir zamanda plüralist cəmiyyətin formalaşması və möhkəmlənməsində, eləcə də çoxpartiyalılığın qanunauyğun şəkildə tənzimlənməsində öz sözünü dedi. Onu da qeyd edək ki, istər YAP-ın yarandığı ərəfədə, istərsə də ondan sonrakı dövrlərdə YAP-ın nizamnamə və məqsədlərində olan yeni, modern, xalqın istək və tələbatlarının, gələcək məqsədlərinin aydın təsviri digər yeni partiyalar üçün də örnək oldu. YAP öz nizamnamə və fəaliyyətini milli-mənəvi dəyərlərimizin özünəməxsus çalarları ilə bərabər müasir dünyanın ən mühüm ictimai-siyasi inkişaf paradiqmaları ilə həmahəng quran bir partiya oldu. Bu gün keçilən yola nəzər saldıqda bu prosesi daha aydın görmək olur.
Müsahibimiz bildirib ki. “31 il müddətində şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. “
Eltun Süleymanov sonda bildirdi ki, “hərbi məğlubiyyət və daxili böhranla tarixə düşən müstəqilliyin ilk illəri zaman keçdikcə öz yerini böyük qələbələrə, uğurlu nəticələrə verməyə başladı. Ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir. Və bu gün 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüz var. Bu gün Azərbaycan regionda söz sahibidir. Bir zamanlar enerji böhranı yaşayan ölkəmiz Avropaya enerji ixrac edir, Avropanın enerji təhlükəsizliyində əsas rollardan birini oynayır. Qlobal layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.