Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Prezident cənab İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir aktor kimi tanıdıb, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirib. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə sinə gərməyi bacardı. Prezident cənab İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi Qələbə qazandıq. Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında birliyi tam qələbəmizi təmin edən həlledici amillərdir. Qələbəmiz bir daha Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Prezident cənab İlham Əliyevin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşməni əzdi və bu gün biz qalib xalqıq. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi.
Göründüyü kimi, Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də regionda tamamilə yeni bir reallıq yaratdı. Baxmayaraq ki, hətta bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər. Lakin, dövlətimizin başçısı cənab İlham Əliyev düşünülmüş diplomatik addımları ilə bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa, bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirməyə müvəffəq oldu. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, 28 il ərzində lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülmədi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Çünki Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, müharibə baş verməzdi. Lakin Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıb. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü.
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən ATƏT-in Minsk qrupu yarandığı gündən münaqişənin həlli yolunda heç bir səmərəli təşəbbüs göstərmədi. Azərbaycan bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir və təzyiq, işğala son qoyulması üçün əməli fəaliyyət gözlədi. Amma bunların nəinki heç biri olmadı, hətta Ermənistana BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq belə göstərilmədi. Həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin hərbi həll yolunu inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik-siyasi yollarla nizamlamağa uğursuz cəhdlər etmişdi. Nəticədə, etimadı itirən bu qurumun fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarını azad etdi.
Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında qeyd etmişdir: “Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir."
Artıq Azərbaycanın həyatında yeni dövr - quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 30 ilə yaxın dövrün işğalının Ermənistana nə verdiyini yalnız və yalnız bir sözlə ifadə edə bilərik ki, uğursuzluq. Asılı vəziyyətdə yaşayan bir ölkənin güclü iqtisadiyyatdan, ordudan danışması qeyri-mümkündür. Vətən müharibəsində Zəfərimiz Azərbaycanın qarşısında böyük imkanlar açıb. Bundan sonra da bütün istiqamətlərdə böyük inkişaf qaçılmazdır.
Aynur Hüseynova,
Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi.