Vüqar Hüseynov: “Narazı olanlar bilsinlər ki, müasir laboratoriyalar qurulsa, bu, onların işini asanlaşdıracaq, xərclərini azaldacaq”
Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi (KTN) İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min arı ailəsindən ibarət arıçılıq kompleksi təşkil edəcək. Bu layihə bir çox iqtisadçı və arıçı üçün ağlabatan gəlmir. Onların fikrincə, yeni arıçılıq kompleksi bu sahə üzrə özəl sektorun inkişafı üçün imkanlardan çox maneələr yaradacaq. Başqa sözlə, dövlət qurumunun bizneslə məşğul olması nə qədər doğru olacaq?
KTN-in mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov AYNA-ya deyib ki, İsmayıllı rayonunun təbii iqlim şəraiti arıçılığın inkişaf etdirilməsi üçün əlverişlidir: “Bu gün o bölgədə çoxsaylı arıçılar fəaliyyət göstərir, İsmayıllı, xüsusilə də Lahıc balı yüksək keyfiyyət göstəriciləri ilə seçilir. Bunu hər bir arıçı təsdiqləyə bilər”.
Məlumat üçün deyək ki, kompleksdə 10 min arı ailəsinin yerləşdirilməsi düşünülür. Bir qrup arıçı bu kompleksin fərdi sahibkarları çökdürəcəyini iddia edir və bunu dövlət inhisarçılıq adlandırır. V.Hüseynov isə deyib ki, belə bir kompleksin yaradılması dövlət qurumunun sahibkarlıqla məşğul olması demək deyil: “Bu gün Azərbaycanda minlərlə arıçı var və hamısı satış məqsədilə arıçılıq məhsulları istehsal edir, yəni həm də sahibkarlıqla məşğuldur. Ölkədə hər il dövlət tərəfindən arıçılıq məhsullarının satış yarmarkası keçirilir, arıçılığın inkişafı üçün subsidiyalar ayrılır, hər arıçıya təsərrüfatında olan hər arı ailəsinə görə 10 manat subsidiya verilir. Bu amillər arıçılara yaradılan şəraitdən xəbər vermirmi? Yaradılan kompleks biznes strukturu deyil, burada damazlıq-seleksiya işlərinin aparılması, süni mayalanmanın təşkili nəzərdə tutulur. Kompleksdə eyni zamanda xüsusi laboratoriyalar, Tədris Mərkəzi də fəaliyyət göstərəcək”.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni kompleksdə damazlıq arılar yetişdiriləcək: “Bəzi ixtisaslaşmış arıçılar ölkəyə xaricdən damazlıq arılar gətirirlər, bazarda qeyri-rəsmi monopolist mövqeyə malikdirlər, qiymətləri diktə edirlər. Eyni məsələni arı pətəklərinin hazırlanmasına da şamil etmək olar. Kompleksdə hazırlanan pətəklər həm müasir tələblərə uyğun olacaq, həm də qiyməti ucuz olacaq”.
KTN sözçüsü düşünür ki, kompleksin inşası xaricdən arı yemi gətirib, yerli arıçılara “od qiymətinə” satanların bazarını öldürəcək: “Bu günədək arıçılıq məhsullarının analizi ilə bağlı əksər arıçılar xarici ölkələrə üz tutublar. Amma indi bunu özümüz edəcəyik. Eyni zamanda, müasir təlim mərkəzinin olması orada arıçılara müasir təlimlərin keçirilməsinə imkan verəcək. Halbuki indi bu təlimləri arıçılar öz təşəbbüsləri və maddi imkanları hesabına edirlər”.
“Hazırda nazirlik arıçılara subsidiya verir, onlar üçün yarmarka keçirir ki, balın qiymətini aşağı salsınlar. Başqa sözlə, dövlət arı məhsullarının istehsalı xərclərinin bir qismini öz üzərinə götürür, amma arıçıların böyük əksəriyyəti alverçidir, 30 manatdan aşağı bal satmırlar. Halbuki, eyni keyfiyyətdə bal İranda, Rusiyada, Türkiyədə 3 dəfədən də aşağı qiymətədir. Biz arıçılara deyirik ki, məhsullarınızı qablaşdırın, brendləşdirin, markalar yaradın ki, xaricə məhsul ixrac edə biləsiniz. Amma etmirlər”, – V.Hüseynov vurğulayıb.
“Kompleksin yaradılmasından narazı olanlar bilsin ki, müasir laboratoriyalar qurulsa, bu, onların işini asanlaşdıracaq, xərclərini azaldacaq. Həm də laboratoriyalar təkcə balın keyfiyyətini müəyyən etmək üçün qurulmur axı. Burada arı xəstəlikləri, başqa müayinələrin aparılması kimi məsələlər həyata keçiriləcək. Bir də bazara 10 min yeni arı ailəsinin gəlməsi alverçilərin süni qiymət artımın qarşısını alacaq”, – o, əlavə edib.