ABŞ-dan sonra İngiltərə kəşfiyyatı da Rusiyanın nüvə silahından istifadə planı ilə bağlı diqqət çəkən hesabat dərc edib.
Xarici KİV xəbər verir ki, bu barədə Britaniyanın Elektron Kəşfiyyat Xidmətinin (GCHQ) rəhbəri Ceremi Fleminq danışıb. O bildirib ki, Rusiya indiyədək nüvə silahları üzrə müəyyən edilmiş hərbi doktrinaya sadiq qalıb:
“Rusiya ordusunun və Rusiya prezidenti Vladimir Putinin (Ukraynada) bu müharibəyə rəhbərlik etmə tərzini bəyənməsək və bir çox cəhətdən nifrət etsək də, onlar nüvə silahından istifadə də daxil olmaqla, hələlik bildiyimiz kimi doktrina daxilində qalırlar”, - Ceremi Fleminq deyib.
Bununla belə, Fleminq söyləyib ki, vəziyyətin dəyişə biləcəyinə dair əlamətlər axtaracaqlar: “Ümid edirəm ki, onlar bu yolda (nüvə silahından istifadə baxımından) irəliləməyə başlasalar, biz göstəriciləri görəcəyik”.
Fleminq Putinin gərginliyin artmasının təhlükələrindən narahat olduğuna əminliyini ifadə edib. Ukraynanın sahədəki vəziyyəti Rusiya qüvvələrinin əleyhinə çevirdiyini qeyd edən Fleminq, rus əsgərlərinin təchizat və sursatlarının tükəndiyini söyləyib.
Qeyd edək ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi də Rusiyanın nüvə silahı və ya kütləvi qırğın silahlarından istifadə etməyi seçdiyinə dair heç bir əlamət olmadığını açıqlamışdı.