• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rusiya Polşanı da vuracaq, BMT demontaj ediləcək: Dəhşətli kiberhücum dünyada hər şeyi dəyişəcək

  • 10.05.2023, 09:18,
  • Dünya
  • Baxılıb: 45
Rusiya Polşanı da vuracaq, BMT demontaj ediləcək: Dəhşətli kiberhücum dünyada hər şeyi dəyişəcək


Rusiya nüvə silahı daşıyan savaş təyyarələrini artıq "fəlakət yükü" ilə təmin edərək, hazır vəziyyətə gətirib... Rus kəşfiyyatı prezident Vladimir Putinin hədəfə çıxarıldığı qənaətinə gəlib, Kreml NATO ilə savaşın qaçılmaz olduğuna qərar verib...
Ukrayna savaşı ətrafında yaranmış situasiya maksimum həddə qədər qəlizləşib. Bu situasiyanın yaranmasına səbəb olmuş əksər beynəlxalq oyunlar vəziyyətdən çıxış yolu barədə hansısa dəqiq plana sahib olmadıqlarını gizlətməkdə çətinlik çəkirlər. Və indiki halda, bu istiqamətdə hər hansı addımın atılmasına da qətiyyən həvəsli görünmürlər.

Təbii ki, belə vəziyyət yalnız Rusiya və Ukraynanı deyil, ümumiyyətlə, bütün dünyanın gələcək taleyini təhdid edir. Ukrayna savaşı beynəlxalq siyasi iradə mərkəzlərini də demək olar ki, parçalayıb. ABŞ və Böyük Britaniya Ukrayna savaşının mümkün qədər uzadılmasına çalışır. Fransa və Almaniyanın liderliyi altında olan Avropa Birliyi savaşın dayandırılmasında maraqlıdır. Ancaq Avropa Birliyi indiki mərhələdə ABŞ və Böyük Britaniyanın təsirinə və təzyiqlərinə müqavimət göstərə bilmədiyindən Ukrayna savaşının uzadılmasına passiv dəstək vermək məcburiyyətində qalıb.

Nə qədər qəribə də olsa, Ukrayna savaşının dayandırılmasında maraqlı olan ölkələrin sırasında elə müharibəni başladan Rusiyanın özü ön planda yer alır. Kremlə bu məsələdə Çin və Türkiyə daha ciddi dəstək verməyə çalışır. Halbuki, mövcud situasiyada Rusiyanın savaşdan çıxmaq cəhdləri, eləcə də, Çin və Türkiyənin Kremlə dəstəyi Ukrayna savaşının uzadılmasına çalışanların proseslərə təsir mexanizmləri qarşısında aciz qalmış kimi görünür.

Onu da qeyd edək ki, BMT-dən verilən son açıqlamada da yaxın gələcəkdə Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanma ehtimalı mümkünsüz hesab edilir. Bu səbəbdən də BMT hazırda sülh prosesinə start cəhdlərindən daha çox məhz Türkiyənin vasitəçiliyi ilə yaradılmış "taxıl dəhlizi"nin qorunmasına yönəlik fəaliyyətə üstünlük verir. Hər halda, BMT-nin bundan artığına siyasi gücünün və ya hüquqi resurslarının yetərli ola biləcəyinə ehtimal vermək sadəlövhlük olardı.

Məsələ ondadır ki, Ukrayna savaşı başlandığı andan BMT-nin siyasi-hüquqi ömrünün sona çatmaqda olduğu da birmənalı şəkildə təsdiqlənmiş oldu. Bu savaş BMT-nin nəzarət etməli olduğu beynəlxalq siyasi-hüquqi sistemin artıq işləmədiyinin, hətta çökdüyünün belə, ən qabarıq təzahürüdür. Böyük ehtimalla Ukrayna savaşında nə vaxtsa, imzalanacaq sülh sazişi həm də BMT-nin demontaj sənədinə çevrilə bilər.

Halbuki, sülh sazişinin imzalanma ehtimalı yaxın gələcək üçün o qədər də inandırıcı görünmür. ABŞ və Qərb siyasi dairələrində böyük nüfuza malik olan Henri Kissincer hesab edir ki, Ukrayna savaşının dayandırılması və sülh danışıqlarına start verməsi baxımından, Çinin proseslərə daha israrlı müdaxiləsi vacibdir. Onun fikrincə, əgər, Çin daha qətiyyətli davranarsa, ən yaxşı halda, bu ilin sonlarına doğru sülh prosesi başlaya bilər. Halbuki, sülh danışıqlarının nə qədər sürə biləcəyi də hələlik kifayət qədər müəmmalı məqamdır.

Göründüyü kimi, Rusiyanın Ukrayna savaşından çıxmaq üçün göstərdiyi cəhdlər o qədər də böyük uğur şanslarına malik deyil. Ona görə də, Kreml hazırda Rusiyanın mövcudluğunu qorumaq barədə daha ciddi düşünmək məcburiyyətində qalıb. Savaş poliqonunda isə hadisələr Rusiya üçün ümidverici nəticələrdən çox-çox uzaqdır. Ukrayna savaşı Baxmut bölgəsində düyünlərib. Və hər iki tərəf bu şəhərə tam nəzarət şansı qazana bilməyib.

Bəzi hərbi-strateji mülahizələrə görə, Baxmut Ukrayna savaşının gələcək taleyini həll edəcək təmas nöqtəsinə çevrilib. Bu şəhərə nəzarət gələcək həlledici hərbi əməliyyatlarda strateji üstünlük vəd edir. Müəyyən mənada, Rusiya üçün Baxmutu Stalinqradla da müqayisə etmək olar. Sovet qoşunları Stalinqrad uğrunda savaş sayəsində İkinci Dünya Müharibəsində dönüş yarada bilmişdilər. İndi Baxmut savaşının nəticələri də Ukrayna savaşında analoji dönüş örnəyinə çevrilə bilər. Halbuki, son məlumatlara görə, Rusiya qoşunları Baxmutda bəzi önəmli mövqeləri əldən verərək, geri çəkilmək məcburiyyətində qalıb.

Təbii ki, belə vəziyyət Ukrayna ordusunun həlledici hücum əməliyyatları ərəfəsində Rusiya qoşunları üçün real təhlükə vəd edir. Kreml Rusiya ordusunun geri çəkilməsinə paralel olaraq, alternativ müdafiə variantları üzərində araşdırmaları intensivləşdirməli olub. Hazırda bütün dünya üçün real təhlükə vəd edən variantların ciddi şəkildə müzakirə edildiyi bildirilir.

Məsələ ondadır ki, Kremlin nüvə silahı ilə bağlı taleyüklü qərarlar qəbul etmək ərəfəsində olduğu barədə müəyyən məlumatlar mövcuddur. Həmin məlumatlarda taktiki nüvə silahının şaxtalardan çıxarılmasına artıq başlandığı iddia olunur. Rusiyanın nüvə silahı daşıya bilən bir neçə bombardmançı təyyarənin texniki hazırlığına artıq başladığı barədə faktlar Qərb xüsusi xidmət servislərinin əlinə keçib. Hətta həmin hərbi təyyarələrdən birinə taktiki nüvə silahının yükləndiyi də vurğulanır.

Hələlik yekun və prinsipial qərar verilməsə də, Kremlin nüvə silahından istifadə şərtləri barədə müəyyən məqamlar məlumdur. Əsas şərt ondan ibarətdir ki, Rusiya Ukrayna savaşında məğlubiyyətdən yayına bilməzsə, Kreml Ukraynadan başlamaq üzrə Avropa ölkələrindən bəzilərinə mütləq nüvə zərbəsi endirəcək. Və həmin andan etibarən dünya yeni reallıqlarla, fərqli situasiya ilə üz-üzə qalacaq.

Ancaq taktiki nüvə silahından istifadə şərtləri yalnız bununla məhdudlaşmır. Belə ki, son vaxtlar Rusiya ərazisində, hətta paytaxt Moskva ətrafında müxtəlif diversiya əməliyyatları intensivləşib. Bu, Kreml üçün qəbuledilməz situasiya hesab olunur. İndi Rusiya hərbi-siyasi dairələrində prezident Vladimir Putinin birbaşa hədəfdə ola biləcəyindən ciddi narahatlıq keçirilir. Rusiya kəşfiyyatı ABŞ və Böyük Britaniya xüsusi xidmət servisləri tərəfindən prezident Vladimir Putinə qarşı diversiya əməliyyatının hazırlanmış ola biləcəyindən şübhələnir. Və əgər, belə bir yolverilməz addım atılarsa, buna taktiki nüvə zərbəsi ilə cavab vermək barədə Kremldə qəti qərarın verildiyi iddia olunur.

Taktiki nüvə zərbəsi üçün ABŞ və Qərbin Rusiyaya güclü kiberhücum təşkil etməsi də ciddi səbəblərdən biri hesab edilir. Çünki güclü kiberhücum Rusiya üçün nüvə zərbəsindən daha fəlakətli nəticələr verə bilər. Hətta Rusiyanın siyasi və iqtisadi sektorlarında, bütün infrastruktur mərkəzlərində total iflic situasiyası yarana və dövlətin idarəolunmaz vəziyyətə düşə biləcəyi ehtimal edilir. Və bu halda, Kremlin qarşı tərəfə nüvə zərbəsi endirməkdən başqa alternativ çıxış yolu qalmayacaq.

Nəhayət, NATO ordusunun tədricən Ukrayna savaşına cəlb olunma ehtimalı da Kremldə nəzərə alınır. Əgər, əks-hücum əməliyyatları zamanı Ukrayna savaş təyyarələri Rusiya ordusuna zərbə üçün Polşa hərbi aerodromlarından qalxarsa, Kreml buna mütləq cavab vermək niyyətindədir. Yəni, Rusiya Polşaya əvvəlcə raket zərbələri endirməyi nəzərdə tutur. Bu halda, NATO-nun Rusiyaya hücum edəcəyi gözlənilir. Məhz belə bir hücum edilərsə, Rusiya NATO ölkələrinə taktiki nüvə zərbəsi variantına artıq hazırdır.

Göründüyü kimi, Ukrayna savaşı uzandıqca, Rusiyanın nüvə zərbəsi ilə bağlı hazırlığı da intensivləşir. Nüvə müharibəsi isə öz növbəsində bütün həyat şərtlərinin indikindən fərqli olacağı şübhə doğurmayan yeni dünya vəd edir. Belə bir yeni dünyanın bəşəriyyət üçün ümidverici olmayacağını isə elə indidən təxmin etmək mümkündür.(musavat.com)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 015
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 701
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter