Həmasın siyasi qanadının lideri İsmayıl Haniyədən sonra hərbi qanadının rəhbəri Məhəmməd Deif də öldürüldü. Mümkündür ki, İsrail bundan sonra Qəzza müharibəsinin başa çatdığını və Həmas üzərində “qələbəni” elan edəcək, reallıqda buna tam nail ola bilməsə də.
İsrailin iki mümkün səbəb görə Qəzza müharibəsini bitirmək, yaxud nəticə əldə edildiyini elan etmək ehtiyacı yaranıb.
Birincisi, uzanan müharibəyə görə artan daxili narazılıqları “söndürmək” lazımdır, yaxud ən azı Həmas üzərində nəticə əldə edildiyi nümayiş etdirilməlidir.
İkincisi və əsas səbəb “şimal cəbhəsini” açmaq hədəfidir: Hizbullahla son toqquşmalar və Beyruta zərbələrin endirilməsi İsrailin yeni və daha genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir; Qəzzada Həmasın qalıqları ilə döyüşlər davam edəcək, lakin ordunun əsas qüvvələrinin şimala – Livanda Hizbullahla müharibəyə cəlb ediləcəyi gözlənilən ssenarilərdəndir;
Bu, İran-İsrail toqquşmasına da yol açacaq ssenaridir və belə görünür ki, Haniyənin məhz Hizbullahla qarşıdurmanın baş verdiyi ərəfədə və Tehranda öldürülməsinin hədəflərindən biri də budur. İsrail İranın da bu və ya digər formada iştirak etdiyi daha böyük müharibə ilə ABŞ-ın “müttəfiqlik öhdəliyini” icra etmək məcburiyyətində buraxmağı planlaşdırır. Hizbullahla mümkün toqquşma ABŞ-ın irimiqyaslı hərbi yardımını şərtləndirir. Bu, həm də Qəzza müharibəsinə görə ABŞ-da İsrailə tam dəstəyi müdafiə edənlərin – respublikaçıların da mövqeyini gücləndirə bilər.
İran çətin seçimlər qarşısına qalıb: Tehranın Haniyə görə İsraildən “qisas” vədləri əvvəl də olduğu kimi, ictimai rəyə hesablanmış ritorikadır, hərçənd, Hizbullahla toqquşma İranı müharibənin açıq tərəfinə çevirəcək. Tehranda ABŞ-ın İsrailin önünü kəsəcəyinə ümid edirlər.
Bu kontekstdə hadisələrin inkişafı daha çox Vaşinqtonda demokratlarla respublikaçıların mübarizəsinin nəticəsindən asılıdır. İsrail demokratlara təzyiq edir, İran isə “əməkdaşlıq” mesajları verir. İranda nüvə danışıqlarının “memar”larından olan Cavad Zərifin strateji məsələlər üzrə vitse-prezident təyin edilməsi də buna hesablanıb. Hərçənd, İranın toqquşmadan qaçmaq imkanları getdikcə azalır.