“Yaxın dövrdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq. Nə qədər ki, Rusiya və ABŞ arasında razılaşma yoxdur, əksinə, onlar rəqabət və mübarizə aparırlarsa, sülh sazişinin imzalanacağını gözləmirəm”.
Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, hazırda Rusiya və ABŞ təkcə Cənubi Qafqazda deyil, Balkanlarda, Şərqi Avropada, Yaxın Şərqdə, Arktikada, Sakit oken və Asiyada mübarizə aparırlar. Yəni dünyanın hər yerində bu iki dövlət bir-birilə savaşır və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün onlar arasında razılaşma olmalıdır.
S. Cəlaloğlu əlavə edib ki, Ermənistanın baş naziri N. Paşinyanın xarici siyasət kursunu dəyişməsi və təhlükəsizliklə bağlı Qərbə üz tutması qeyri-adi fəaliyyət kimi qiymətləndirilə bilməz. Paşinyanın hakimiyyətə inqilab yolu ilə gəldiyini xatırladan Cəlaloğlu bildirib ki, onu hakimiyyətə gətirən qüvvələr ona həm də “Yol xəritəsi” veriblər: “Paşinyan da həmin “Yol xəritəsi” əsasında iş aparır. İşin də əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Paşinyan bir növ Gürcüstanda Sakaaşvilinin, Ukraynada Zelenskinin görmək istədiyi işləri icra edir. Nəzərə almaq lazımdır ki, Paşinyan inqilab layihəsidir və bu layihənin əsas məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır”.
ADP sədri hesab edir ki, Amerika-Azərbaycan münasibətlərindəki gərginliyə Ermənistanda baş verənlər kontekstində yanaşmaq lazımdır: “ABŞ-da bəzi qüvvələr hesab edir ki, Azərbaycan regionda ABŞ-a qarşı zidd siyasət aparır. Məncə, bu səbəbdən də dinləmə adı altında bizə mesaj verirlər.
Bəli, ABŞ və Avropa bizim regiondan da Rusiyanı çıxarmağa çalışır. Rusların bəzi hərəkətləri isə elə təəssürat yaradır ki, biz onların regiondan getməsini istəmirik. Məsələn, hansısa axmaq rus politoloq bildirib ki, əgər Rusiyanın hərbi hissələri Ermənistandan çıxarılsa Azərbaycanda baza yarada bilərlər. Bu, sözsüz ki, qəbuledilməzdir”.
S. Cəlaloğlunun fikrincə, ABŞ arzu edir ki, Azərbaycan da öz ərazisindəki rus sülhməramlıları çıxarsın. “Əlbəttə, biz bir il öncədən yüksək səviyyədə belə niyyətimizi elan etmişik, üstəlik, Türkiyə prezidenti cənab Ərdoğan da deyib ki, rus sülhməramlılar 2025-ci ildə Azərbaycandan getməlidir”, - deyə ADP sədri yekunlaşdırıb.