Tariximizə şanlı Zəfər möhürü ilə vurulan 44 günlük Vətən Müharibəsində Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci ilin 27 sentyabrında başlanan əks hücum əməliyyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu tariximizin əsrlərlə ən böyük ehtiyac duyduğu məqamı – Zəfər salnaməsini yazmış oldu. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsi və tarixi ədalətin bərpası ilə yekunlaşdı. Dəfələrlə Azərbaycana qarşı təxribatlar törətmiş erməni quldurları bu dəfə öz layiqli cavablarını aldılar.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqımızın işğalla heç vaxt barışmadığını, torpaqlarımızın mütləq qaytarılacağını belə ifadə etmişdir: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
Artıq bu il Qubadlı şəhərinin işğaldan azad olunmasından iki il ötür. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 25 oktyabr tarixində Qubadlı şəhərini işğaldan azad etdi. 25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataqkəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qubadlı şəhəri düşməndən təmizləndi.
Ümumilikdə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad olundu. Bununla da ölkəmizin ərazi bü¬tövlüyünün bərpa olunması uğrunda savaşda daha bir önəmli qələbə qa¬zanıldı. Bu rəşadəti şərəfləndirmək və tarixiləşdirmək üçün 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı ilə təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün düşmən tapdağından azad edilmiş Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.
Qubadlıda inşa ediləcək dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər.
Ayşən Bəşirova,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin müəllimi